İnterpress.az xəbər verir ki, bir müddət əvvəl İran kəşfiyyatı tərəfindən dağıdılan sayt yeni dizaynda bərpa olunub. DAK-ın hədəflərinə uyğun şəkildə fəaliyyət göstərəcək vebsəhifədə əsasən Azərbaycanın taleyüklü məsələləri ilə bağlı xəbərlər, məqalələr, müsahibələr, aydınların baxışları, ümumilikdə türk dünyasında və dünyada cərəyan edən hadisələr əksini tapacaq.
Saytın əsas səhifəsində “Türk Dünyası”, “Bütöv Azərbaycan”, “Soyqırım” başlıqlı 10 bölmə var. Bundan başqa, Quzey Azərbaycan (Azərbaycan Respublikası), Güney Azərbaycan, Qərbi Azərbaycan (indiki Ermənistan), Kərkük, Borçalı, Dərbənd, Doğu Türküstan adlı əlavə bölmələr də fəaliyyət göstərir.
Oxucular təşkilatın fəaliyyəti, keçirdiyi tədbirlər, ölkədə və türk dünyasında baş verən mühüm hadisələrlə bağlı informasiyalarla saytın “Xəbər” bölməsində tanış ola bilərlər. Həmçinin DAK həmsədrlərinin sərəncam və bəyanatları da müntəzəm olaraq səhifədə yerləşdirilir.
Güney Azərbaycanda baş verən hadisələr, milli fəallarla bağlı xəbərlər saytın eyniadlı bölməsində dərc olunur.
DAK xaricdə yaşayan soydaşlarımızın problemlərini hər zaman diqqətdə saxlayır. Səhifədə onlara aid də xüsusi bir bölmə açılıb.
Bundan əlavə, səhifədə 31 mart soyqırımı, Xocalı və Ağdaban faciələri ilə bağlı bölmələr də yaradılıb və geniş məlumat yerləşdirilib.
Qeyd edək ki, www.DAK.az Dünya Azərbaycanlıları Konqresinin rəsmi saytıdır və hansısa başqa bir səhifə belə iddia irəli sürə bilməz. Hazırda bənzər adlarla fəaliyyət göstərən digər saytların DAK-la heç bir əlaqəsi yoxdur və təşkilat həmin saytlarda dərc olan məlumatlara görə məsuliyyət daşımır.
İnterpress.az