Mayın 29-dan bu günə qədər paytaxtda quraşdırılan kameralar vasitəsilə 1600-dən artıq sürücü həmin qaydanı pozduğuna görə qeydiyyata düşüb.
“Mayın 29-da, qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Bu gün isə bir az azalıb. Mayın 29-da 600, 30-da 350, 31-də isə 300-ə yaxın sarı zolağa girən sürücü kamera vasitəsilə müəyyən edilib. Bundan başqa, kameraya düşməyən, lakin yol polisləri tərəfindən qeydə alınan qayda pozan sürücülər də var”.
Qurum rəsmisi deyir ki, görülən təbliğat və təşviqat işlərinin nəticəsidir ki, artıq paytaxtda yol hərəkəti qaydaları pozanların sayı da azalıb: “Yollarda sıxlıq xeyli azalıb. Görünür vətəndaşlar vəziyyəti düzgün qiymətləndirirlər. Ümumiyyətlə Avropa Oyunlarına hazırlıq prosesində yüksək əhval ruhiyyə müşahidə olunur”.
Vaqif Əsədov rayon qeydiyyatı olan avtomobillərin pataxta girişinin qadağan edilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bu sahədə yaranmış problemlərin bircə yolu var: “Cəmi bir ay məhdudiyyət var. Artıq 5 gün də geridə qalıb. 25 gün avtomobilsiz hərəkət etmək bu qədər çətindir? Dövlətimiz inkişaf edir, vətəndaşlarına gözəl imkanlar yaradıb. Vətəndaş da, dövlət əhəmiyyətli tədbirlər keçirilərkən dəstək olmalıdır”.
Qeyd edək ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş – rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. Əgər \”Oyunlar zolağı\” digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 40 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnəcəklər.
İnterpress.az