Parlament seçkisinin ilk nəticələri bəlli olubbackend

Parlament seçkisinin ilk nəticələri bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elan olunmuş nəticələrə görə, 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 41% səs alan Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına çoxluq hökuməti qurma gücünü itirib.

Xatırlatmaq yerinə düşər ki, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə keçirilən prezident seçkisində 51.7% səs alıb. Seçkinin nəticələrini Konyada öyrənən AKP sədri və baş nazir Əhməd Davudoğlu Ankaraya hərəkət etməzdən əvvəl partiyanın tərəfdarlarına müraciət edərək təşəkkürünü bildirib: ”Bundan sonra da birlikdə olacağıq, gözəl günlər bizi gözləyir. Heç kimin önündə əyilməyəcəyik. Allah sizdən razı olsun”.

Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bazar ertəsi hökumətin istefa ərizəsini prezidentə təqdim edəcək. Türkiyədə formalaşmış siyasət ənənəsinə görə, prezident Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək. Siyasi təmayüllərə uyğun olaraq, prezident Ərdoğanın yeni hökumətin qurulması səlahiyyətini Məclisin birinci partiyasının lideri olan Əhməd Davudoğluna verməsi gözlənilir. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin təkbaşına çoxluq hökuməti qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmə səlahiyyəti var.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratk Partiyası (HDP) olub. 2011-ci ildəki seçkidə Məclisə 54 millət vəkiliylə girən MHP bu dəfə təxminən 16.5% səslə 84 mandat qazanıb. Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir çox bölgədə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin iyununda qurulan HDP-nin 11.5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü siyasi hərəkat ilk dəfə 10%-lik ölkə bariyerini keçərək Məclisdə 75 mandat qazana bilib..

Daha əvvəl İstanbul millət vəkili olub bu dönəmdə Ankaradan seçilən Sırrı Sürəyya Öndər partiyanın tərəfdarlarına müraciət edərək “Bu gecə qələbəni qeyd etməməyə, seçki məntəqələrində qalaraq səsləri qorumağa” çağırıb.

MHP-nin seçki uğuruna diqqəti cəlb edən siyasi müşahidəçilər “İqtidar partiyasının dövlətin bütün imkanlarından istifadə edərək apardığı qeyri-bərabər təbliğat dönəmindən sonra CHP-nin əldə etdiyi nəticəni uğursuz saymadıqlarını” bildiriblər.

Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni rəyasət heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək.

İnterpress.az