Bu sözləri Modern.az-a açıqlamasında hüquqşunas Əlimməd Nuriyev Daxili İşlər Nazirliyinin zabiti, cüdo üzrə olimpiya çempionu Elnur Məmmədlinin biznes fəaliyyəti ilə məşğul olmasını şərh edərkən deyib.
O qeyd edib ki, dövlət qulluqçusu və DİN orqanlarında çalışan əməkdaş yalnız pedoqoji fəaliyyətlə məşğul ola bilər: “Elmi və yaradıcılıq fəaliyyəti ilə əsas işə mane törətmədən məşğul olmaq mümkündür. Bu məsələlərin nizamlanmamasına səbəb qanunvericilikdə boşluqların olmasıdır. Rəsmi dövlət qulluğunda çalışan şəxslərin 90 faizi vəzifəsindən asılı olmayaraq, bizneslə məşğul olur. Biznes strukturları onların birbaşa öz adlarına deyil, yaxın qohumlarının adlarına olur. Əslində qanunvericilikdə bu məsələnin mexanizmləri olmalıdır. Heç bir halda yol verilməməlidir ki, dövlət qulluğunda çalışan şəxs paralel olaraq biznes fəaliyyəti ilə məşğul olsun. Əks halda, bu, onun dövlət qulluğunda olan imkanlarından istifadə etməsinə və qeyri-bərabər vəziyyətin yaranmasına gətirib çıxara bilər”.
Əliməmməd Nuriyev vurğulayıb ki, dövlət qulluğunda çalışan şəxsin açıq-aşkar biznes fəaliyyəti ilə məşğul olması təsdiqlənərsə, o, ikisindən birini seçməlidir.
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bizneslə məşğul olduğu haqqında informasiya verib. Qeyd edib ki, Bakıda fəaliyyət göstərən “N1” adlı supermarketlərin sahibidir. O, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu bildirib.
İnterpress.az