Bahalaşan məhsulların siyahısıbackend

Bahalaşan məhsulların siyahısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Rəsmi məlumata görə, may ayında birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşıb, buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.
Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşmış, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, may ayında ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb.

Ay ərzində buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

May ayında qeyri-ərzaq mallarından parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşıb, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

İnterpress.az