ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanmasından sonra Azərbaycanla Qərb dairələri arasında gərginliyin artdığı bildirilir.
İyunun 8-də ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer Vyanada, ATƏT Daimi Şurasının iclasında Azərbaycan hökumətinin atdığı addımı tənqid edib:
“Ötən cümə günü biz baş katibdən eşitdik ki, Azərbaycan Bakıda ATƏT layihələrinin koordinatorunun funksiyasını nəzərdə tutan memorandumdan imtina etmək niyyətində olduğunu açıqlayıb. Bu, dərin məyusluq doğurur”.
Məsələ ilə bağlı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova danışıb.
Vitse-spiker Modern.az saytına açıqlamasında deyib ki, ATƏT-in Bakıdakı əlaqələndirici ofisi ilə bağlı atılan addım kimin necə dəyərləndirməsindən asılı olmayaraq Azərbaycan hökumətinin mövqeyidir:
“Bu mövqe rəsmi şəkildə də açıqlanıb. ATƏT də bu notaya rəsmi cavab verməlidir. Lakin veriləcək cavabın müəyyənləşməsinin müəyyən proseduru var. Bu təşkilat həmin prosedura əməl edərək öz cavabını verməlidir”.
Bahar Muradova ATƏT-in Bakıdakı ofisinin bağlanmasının Qərbin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə hansı formada təsir etməsindən də söz açıb:
“Əgər kimsə ofisin bağlanmasının Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcəyini rəsmi şəkildə bəyan edəcəksə, biz bunu onların bəhanə kimi istifadə sübutu sayacağıq. Çünki Azərbaycan ATƏT-ə üzv olandan üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Azərbaycan ATƏT institutları ilə əməkdaşlığı da könüllü edib.
Bu illər ərzində ATƏT-in Bakıda ofisi fəaliyyət göstərirdi. Bəs, niyə görə Qarabağ probleminin həllinə müsbət təsir etmirdi?! Ona görə də indi onun olmaması da Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməyəcək”.
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri onu da əlavə edib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığını Vyana katibliyi vasitəsi davam etdirəcək.
İnterpress.az