2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə ilk dəfə keçiriləcək çox maraqlı və innovativ yarışlardır.
Bakı-2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçirilir: bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaqlar.
On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib.
Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəlin alovlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.
Məşəl ölkə boyunca 60-a qədər rayona səyahət edərək iyunun 7-də Bakıya gətirilib və iyunun 12-dək Bakının müxtəlif yerlərində məşəl estafeti baş tutub. Ümumilikdə açılış mərasiminədək məşəl təxminən 5500 km məsafəni qət edib.
Qeyd edək ki, I Avropa Oyunlarının qızıl, gümüş və bürünc medalları üzərində dekorativ \”Bakı-2015\” brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub. Mərkəzində \”Bakı-2015\” loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.
Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi \”Adamas\”la azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur.
İnterpress.az