Çap və elektron məqalələr müsabiqəsinin bu dəfəki mövzusu “Bank qanunvericiliyi və onun tətbiqi praktikası”dır.
Müsabiqəyə bank hüququna həsr olunmuş məqalələr, o cümlədən bank fəaliyyətinin və bank qanunvericiliyinin əsasları və prinsiplərini, bank sistemi və onun subyektlərini, pul siyasətini, kredit, bank əmanəti və bank hesabı müqavilələrini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.
Məqalələrin qiymətləndirilmə meyarları:
– bank qanunvericiliyinə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili;
– bank hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi;
– yazının bank qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti;
– yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:
Birinci yer – 500 AZN
İkinci yer – 400 AZN
Üçüncü yer – 300 AZN
Müsabiqənin texniki şərtləri:
1. Jurnalistlər müsabiqəyə 16 iyun 2015-ci ildən 1 avqust 2015-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.
2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.
İnterpress.az