İlk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
Kişilərin yarışında 58 kq çəkidə Azərbaycanın idman şərəfini Məhəmməd Məmmədov qoruyur. Gənclər arasında Avropa çempionu ilk görüşündə israilli Gili Haimovitslə qarşılaşıb və qələbə qazanıb.
Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayacaq. Görüşün start fiti 15:15-də veriləcək.
Qadınların yarışında isə 49 kq çəkidə Patimat Abakarova rusiyalı Aleksandra Liçaqina ilə qarşılaşıb. İslam Həmrəyliyi Oyunlarının mükafatçısı olan idmançı görüşə uğurla başlayıb və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.
O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşacaq. Görüş saat 15:30-da start götürəcək.
Qeyd edək ki, taekvondo yarışları 4 gün keçiriləcək və hər gün 2 dəst medal öz sahibini tapacaq.
İnterpress.az