Kişilər arasında sərbəst güləş üzrə görüşdə iki idmançı xalçadan kənarlaşdırılıb.
57 kq çəki dərəcəsində belaruslu Vladislav Andreyevlə gürcüstanlı Vladimir Xinçeqaşvili arasında keçirilən yarımfinal görüşü zamanı idmançılar əsəblərinə hakim ola bilməyiblər. Andreyev 2:1 hesabı ilə öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb və hakim dərhal onları ayırıb.
Bu hadisəyə görə görüş yarımçıq dayandırılıb və hər iki idmançı döşəkdən kənarlaşdırılıb.
Hakimlərin qərarına əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və onların 1/4 finalda məğlub etdikləri güləşçilər – Marsel Evatla (Almaniya) İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.
Burada qalib gələn idmançı rusiyalı Lebedevlə qızıl medal uğrunda üz-üzə gələcək.
İnterpress.az