“Sovetski” sakinlərinə Nərimanov rayonundan mənzillər veriləcəkbackend

“Sovetski” sakinlərinə Nərimanov rayonundan mənzillər veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış İşçi Komissiyanın sədri Səməd İslamovun APA-ya verdiyi məlumata görə, bu, Azərbaycan prezidentinin təşəbbüsü ilə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarı uçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitini yaxşılaşdırılmasına yönəlmiş böyük həcmli layihədir.

S. İslamov bildirib ki, layihənin həyata keçirilməsi üçün qarşıda duran vəzifələr tam müəyyənləşdirilib: “Komissiyanın sədri, baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında Maliyyə Nazirliyinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində ötən müddət ərzində məqsədyönlü iş aparılıb və kifayət qədər tədbirlər həyata keçirilib. Bu işə cəlb edilmiş peşəkar, müstəqil ekspert və layihəçilər tərəfindən ümumilikdə 6 mərhələ üzrə köçürülməsi nəzərdə tutulan 10 min 500-ə yaxın təsərrüfatın artıq 8 min 600-də tam ölçü və qiymətləndirilmə işləri yekunlaşdırılıb, sənədlər paketi hazırlanıb. Bu, nəzərdə tutulan işin 82 faizini təşkil edir. 2 min 320 mənzil və qeyri-yaşayış sahələrinin sahibləri ilə alqı-satqı aparılıb və tikililər sökülərək ərazi boşaldılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam köçürülüb və ərazisi boşaldılıb, paytaxt və əhali üçün çox əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb”.

C. İslamov qeyd edib ki, bir müddət əvvəl müəyyən informasiya agentliklərində məlumatlar gedib ki, guya “Sovetski” ərazisinin köçürülməsinə fasilə yaranıb: “Biz o vaxt da belə fikirlərin əsassız olduğunu bildirmişik. Bu müddət ərzində biz bütün mərhələlər üzrə ölçü işlərinin yekunlaşdırılması, həmçinin köçmək arzusunda olan, lakin müəyyən səbəblərdən mənzillərinin hüquqi sənədləşməsini aparmayan sakinlərin problemlərinin həlli ilə məşğul olmuşuq. Dövlət vəsaiti hesabına bu tədbirə cəlb edilmiş hüquqi yardım qrupları illər boyu həll edilməyən onlarla mübahisəli mənzilin sənədləşdirilməsini təmin ediblər. Ən sevindirici xəbər isə söküntüyə düşən ilk iki mərhələnin ərazisindən heç bir digər yaşayış sahəsi olmayan, uzun illər çoxsaylı ailə üzvləri ilə yaşayış üçün yararsız az kvadratlı mənzillərdə yaşayanların yeni mənzillərlə təmin edilməsidir. Yasamal rayon İcra Hakimiyyətinin başçısının, maliyyə nazirinin dəqiqləşdirilmiş təklifləri və Komissiyanın sədri Abid Şərifovun bu məsələyə xüsusi diqqəti, əlbəttə, hörmətli prezidentin dəstəyi nəticəsində artıq bu məsələ həllini tapıb”.

S. İslamov nəzərə çatdırıb ki, Nazirlər Kabinetinin 9 iyun 2015-ci tarixli sərəncamına müvafiq olaraq Nərimanov rayonunda 2 binada yerləşən, ümumilikdə 200 ədəd, hər birinin ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzillər \”Sovetski\”də mənzil sahəsi 25 kvadratmetrdən az olan mənzil sahiblərinin ixtiyarına veriləcək: “Bu, ölkə rəhbərliyi tərəfindən illərlə çətin şəraitdə yaşayan 200 ailəyə göstərilən növbəti diqqət və qayğıdır. Bir daha qeyd edirəm ki, bu məsələdə çox ciddi araşdırmalar aparılıb. Bu o demək deyil ki, kiminsə qeyd edilən ərazidə azkvadratlı mənzili var, lakin bununla yanaşı digər yaşayış sahəsi olduğu halda onlar bu mənzillərə iddia edə bilərlər. Komissiya üzvləri dəfələrlə bu ünvanlarda olub, sənədlər araşdırılıb, son dərəcədə imkansız, az sahəli mənzil şəraitində acınacaqlı vəziyyətdə yaşayan, çoxsaylı ailə üzvlərinin digər yaşayış yeri olmayan mənzil sahibləri məhz yeni mənzillərlə təmin olunacaqlar. Nazirlər Kabinetinin bu sərəncamında mənzillərin əvəzləşdirilməsi, yeni mənzillərə mülkiyyət sənədlərinin verilməsi üçün müvafiq tapşırıqlar verilib. Mənzillərin bölüşdürülməsi püşkatma yolu ilə həyata keçiriləcək. Biz bir çox çoxuşaqlı ailəyə isə veriləcək mənzilə tikinti şirkəti tərəfindən tam mebel dəsti və avadanlıqlar hədiyyə ediləcək”.

İnterpress.az