Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib:
“Bildiyiniz kimi, 2014-cü ildə iqlim normasından yüksək istilər qeydə alınıb. Avqust ayının 19-da Gəncədə 42, Gədəbəydə 37, Zaqatala və Balakəndə 41, Şəkidə 40 dərəcə rekord istilər qeydə alınmışdı. Uzunmüddətli istilər oldu, iyun ayının ortalarından başlayaraq sentyabrın əvvəlinə qədər yağıntı qeydə alınmadı”.
Nazirlik rəsmisi qeyd edib ki, ötənilki rekord temperatur göstəricisi bu il də müşahidə edilə bilər. Asif Verdiyev onu da deyib ki, bölgələrdə yağıntının miqdarı iqlim normasına yaxın olacaq:
“Bu il ötən illə müqayisədə fərqlidir. Məsələn, bu ilin iyun ayı ötən ilə nisbətdə sərin keçir. Müşahidələr göstərir ki, iyul-avqust aylarında rekord isti gözlənilir. Ayrı-ayrı günlərdə qısamüddətli olsa da, 2014-cü ildəki kimi istilər müşahidə ediləcək. Ümumi temperatur isə iqlim normasından 1-2 dərəcə çox ola bilər”.
İnterpress.az