Modern.az saytı xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdan Azərbaycanda hər bir partiyanın, eləcə də müxtəlif sosial zümrələrin, fərqli düşüncəli fərdlərin qəbul etdiyi ziyalıların kəmiyyət və keyfiyyəti barədə soruşub. Millət vəkili hazırda Azərbaycanda bu cür ziyalıların sayının az olduğunu vurğulayıb. Onun fikrincə, ötən əsrin sonundakı keçid dövrünə, sistemlərin çöküşünə dözməyən ziyalılar bu gün öz aləmlərinə çəkiliblər:
“ Əvvəlcə onu deyim ki, Azərbaycanda bu cür ziyalılar, yəni hər partiyanın, hər kəsin qəbul etdiyi ziyalılar çox azdır. Azərbaycanın çox dəyərli insanları var ki, onlar bu gün ölkədən kənardadırlar. Burda olanların da bir hissəsi sistemlərin çöküşünə, keçid dövrünə dözməyib öz aləmlərinə çəkiliblər. Amma yenə də müxtəlif sahələrdə müəyyən ziyalı zümrəsi qalır. Lakin çox təəssüflər olsun ki, bu yetəri qədər deyil”.
S.Rüstəmxanlı Azərbaycanda hər kəsin qəbul edə biləcəyin ziyalıların az olma səbəbi kimi bunları görür:
“Çox ciddi səbəblər var. Səbəblərdən biri budur ki, uzun müddət tabeliyində yaşadığımız sovet rejimi ziyalını məhv edən bir rejim idi. O sistem şəxsiyyəti məhv edən, insanların müstəqilliyini əlindən alan bir quruluş idi. Təbii ki, müstəqillik olmayan yerdə şəxsiyyət də qalmaz və bizim başa düşdüyümüz mənada böyük ziyalılıq da qalmaz. Buna görə keçən əsrin bir neçə onilliyi ərzində Azərbaycan ziyalılarının başı kəsildi. Bu millətin ən normal, xalqın gözünə işıq salmalı olan ziyalıları aradan götürülüb. Keçən əsrin 60-cı illərindən də bu tərəfə ziyalılara təzyiqlər çoxaldı. Suala dəqiq cavab vermək çox çətindi. Bu gün də meydanda sona qədər duran və ziyalı mövqeyini qoruyan şəxslərin sayı çox deyil. Təəssüflənirsən ki, çoxu ölkədən gedib. Qalanlarını da sıradan çıxarmaq prosesi gedir. Xaricdən idarə edən güclü bir əl, hərəkat var ki, onlar bizim həm tarixdə olan şəxsiyyətlərimizi, həm də müasir ziyalılarımızı vurdurmaqla məşğuldurlar. Bu gün yaralanmamış bir adam tapmaq çox çətindir”.
Millət vəkili sonda “ Azərbaycanda siyasi mövqeyindən asılı olmayaraq hər partiyanın, əksər sosial zümrələrin dəyərli ziyalı kimi tanıdığı adamlara kimləri misal göstərə bilərsiniz” sualına belə cavab verdi:
“Bu suala cavab verməyə çətinlik çəkərəm. Bunun üçün düşünmək lazımdır”.
İnterpress.az