“Dəyirmi masa”da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov xarici jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıblar.
Əli Həsənov xarici KİV-lərin nümayəndələrini salamlayıb:
“Siz hər biriniz Azərbaycana müəyyən missiya ilə gəlmisiniz. Missiyanızın təməlində Bakıda gördüklərinizi, eşitdiklərinizi, müşahidə etdiklərinizi, Avropa Oyunlarının ən maraqlı məqamlarını təmsil etdiyiniz ölkənin, dünyanın ictimaiyyətinə çatdırmaqdır. Bu müddətdə siz qarşınıza qoyulmuş tapşırıqları yerinə yetirməklə bərabər, Azərbaycanı özünüz üçün kəşf etdiniz. Ümid edirəm ki, öz ölkənizə qəlbinizdə Azərbaycan sevgisi ilə qayıdacaqsınız. Əminəm ki, siz təmsil etdiyiniz ölkələrin xalqları ilə Azərbaycan xalqını birləşdirə, bir-birinə bağlaya biləcək müsbət amilləri də ətraflı işıqlandıracaqsınız”.
Əli Həsənov Azərbaycanın iqtisadiyyatı haqda da danışıb:
“Azərbaycan ilk neft gəlirlərindən istifadə strategiyasını müəyyən edərkən ölkənin neftdən asılılığının qısa müddətdə azaldılmasının təmin olunması qarşıya əsas vəzifə kimi qoyulmuşdu. Daxili iqtisadiyyatı şaxələndirməklə Azərbaycanın dinamik və davamlı inkişafını təmin etmək yolu seçilmişdi. Bu vəzifəni yerinə yetirmək məqsədilə 2004-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olunub. Birinci proqramın icrasının sonunda artıq məlum oldu ki, Azərbaycanın istehsal etdiyi ümumi daxili məhsulun 65 faizi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycanın büdcə gəlirlərinin də, digər sosial xərclərinin də əsas yükü artıq neft və neft məhsullarının üzərindən götürülüb. Gələcəkdə bu yük daha da azalacaq”.
Azad Rəhimov da öz növbəsində jurnalistlərə minnətdarlığını bildirib. Nazir diqqətə çatdırıb ki, Oyunlar üçün inşa edilən arenalar gələcəkdə idmanın inkişafına xidmət edəcək.
Tədbirdə birinci Avropa Oyunlarının gündəliyinə əlavə edilən idman növləri və jurnalistləri maraqlandıran digər suallara aydınlıq gətirilib. ( trend.az )
İnterpress.az