Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyev, Bakı 2015: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayacaq.
Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanacaq. Geriyə sayım sıfıra çatdığı an xor dövlət himnini yeni simfonik aranjemanda ifa edəcək və Azərbaycan bayrağı yüksələcək. Şounun “Transformasiya” adlanan hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Bu epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə səciyyələnəcək.
Sonra idmançıların paradı ilə bağlı hissə başlayacaq. Stadionun ekranlarında nümayiş olunan qısa film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə Bakı 2015: I Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12 500 alovqoruyan könüllüyə minnətdarlığı ifadə edəcək. Bunun ardınca 50 uşaq “Çal-oyna” xalq mahnısını xorla oxuyacaq. Bu, 17 gün ərzində arenalarda mübarizə aparmış 50 dövlətin atleti üçün bayram havasıdır.
Daha sonra M. Əliyeva və Patrik Hikki nitq söyləyəcək, gəncliyin enerjisinin nümayişi ilə bağlı 500-dən artıq ifaçı arasında hop-hop rəqqasları və havada heyrətamiz şou göstərən akrobatlar səhnəyə çıxacaq.
Növbəti mərhələdə 17 gün davam edən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş etdiriləcək.
Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirəcək” və Lamiyə Kərimova ifası ilə onu yanına çağıracaq.
Qum rəssamı sehrli simurq quşu əfsanəsindən olan obrazları yaradacaq və onlar sanki möcüzəli şəkildə səhnədə canlanacaq.
Bağlanışın “Alovun söndürülməsi” hissəsində Avropa Oyunları alovunun söndürüldüyü an 17 günün kulminasiya nöqtəsi olacaq. Kasanın alovu yavaş-yavaş sönəcək. Möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzədikdə I Avropa Oyunları başa çatacaq.
İnterpress.az