“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azersky” peykindən əldə olunan təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılan bölgələrdə yanan ərazilərin ümumi sahəsi təxminən 700 kvadrat metr təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ciddi ziyan dəyib.
Təmas xətti boyunca yanğın baş vermiş ərazilərin ümumi analizi və işğal altında olan Cəbrayıl rayonu ərazisində baş vermiş yanğının analizini əks etdirən şəkilləri aşağıdakı keçiddən yükləmək olar:
http://azercosmos.az/az/gallery/erm%C9%99nistan-t%C9%99r%C9%99find%C9%99n-isgal-altinda-olan-az%C9%99rbaycan-%C9%99razil%C9%99rd%C9%99-tor%C9%99dilmis-yanginlarin-azersky-peyki-vasit%C9%99sil%C9%99-monitorinqi
Məlumdur ki, cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır. Belə ki, mütəmadi olaraq işğal altında olan ərazilərimizdə irimiqyaslı yanğınlar törədilir. Bu il də havaların istiləşməsi və məhsul yığımı dövrünün başlaması ilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə silsilə yanğınlar törətməyə başlayıb.
Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan “Azersky” peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəyən ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır. Bu ilin may ayında “Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunan seminarda qeyd edildiyi kimi yanğınlar başlayan vaxtdan etibarən operativ olaraq “Azersky” peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib.
İnterpress.az