Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, aparılan müayinələrdən sonra antropometrik ölçülər dəqiqləşdirilərək qalıqların 22 yaşlı İbrahim Məmmədzadəyə aid olduğu müəyyənləşdirilib. Mərhumun anası da övladını məhz həmən geyimdə olduğunu təsdiqləyib.
Qeyd edək ki, itkin düşən balıqçıların hər ikisi Lənkəran rayonunun Balıqçılar qəsəbə sakinləri olub. 32 yaşlı Ceyhun Mahmudov və 22 yaşlı İbrahim Məmmədzadə birlikdə motorlu qayıqlarla balıq ovuna çıxıblar. Sahildən təxminən 15 kilometr aralandıqdan sonra külək qalxıb. Bundan sonra balıqçılardan xəbər tutan olmayıb. Həyata keçirilən axtarışlar isə heç bir nəticə verməyib. İbrahim Məmmədzadənin qalıqları dəniz kənarında qamışlıqda aşkar edilib.
İnterpress.az