Ziyafət Nəbiyeva məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinə müraciət edərək hüquqlarının bərpasında kömək istəyib.
Birliyin sədri Mehriban Zeynalova İnterpress.az-a bildirib ki, təşkilat bununla bağlı bütün zəruri addımları atacaq: “Hadisə barədə məlumat yayıldıqdan sonra məktəb direktorunun məsələyə münasibəti ilə tanış oldum. Öncə deməliyəm ki, məktəbə rəhbərlik edən şəxs hüquqi cəhətdən məlumatlı olmalıdır. Əgər hər-hansı müəllim şagirdinə qarşı əxlaqsız hərəkət edirsə, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Ortada videogörüntülərin olduğu bildirilisə də, nə hüquq-mühafizə təşkilatlarına, nə də müəllim barədə tədbir görülməsi üçün Təhsil Nazirliynə müraciət edilib. Əvəzində direktor müəllimə başqa məktəbdə işləməyi təklif edib. İkinci vacib məqam görüntülərin necə çəkilməsidir. Direktor bildirir ki, görüntüləri valideynlər ona təqdim edib. Valideyn mühafizə edilən müəssisəyə-məktəbə videokameranı necə quraşdıra bilər? Bu qanunidirmi və direktor buna necə münasibət bəsləyir? Üçüncüsü isə hər kəsin müdafiə hüququ var. Müəllim hüquqlarını müdafiə etmək üçün məsələni ictimailəşdirib. Direktor isə məsələnin araşdırılmasını gözləmədən müəllimi başqa məktəbdə işləməyə razı salmağa çalışıb. Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirlməsinə çalışır? Halbuki bunu bildiyi və ona görüntülər təqdim edildiyi anda dərhal həm Təhsil Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına məlumat verməli idi. Amma direktor bunları etmək əvəzinə müəllimin başqa məktəbə dəyişdirilməsinə çalışıb. Bu isə ortada hansısa qaranlıq, araşdırmaya ehtiyac olan məqamların olduğundan xəbər verir. Əminəm ki, həm nazirlik, həm də hüquq-mühafizə orqanları məsələni ciddi araşdıracaq”.
Elnarə
İnterpress.az