backend

BÜTÜN DƏYƏRLƏR YENİDƏN DƏYƏRLƏNDİRİLMƏLİDİR.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sosial devrim olmalıdır. Azərbaycan ailəsi ,Azərbaycan insanının əxlaqı, mentaliteti, dəyərləri xeyli korrektə olmalıdır. Yaxşı istiqamətdə. Təhsildə sadəcə bilik deyil, həm də əxlaq öyrədilməlidir. Təkcə, kişi qurallarına və baxışına söykənən əxlaq anlayışından danışmıram mən. Bizim sosial şüurumuzdakı qadın anlayışımızı kişilər yaradıblar, bunun sakral, pozulmaz, yazılmamış bir törə oldugunu da bilinc altımızda yerləşdiriblər. Bu törədə kişi dominant, aparıcı, qadın yardımçı, tamamlayıcı rol oynayır. Bizim ailələrimizin xoşbəxtliyi, davamlılıgı, rifahı bu qanunun gözləndiyi, qorundugu məqamlarda özünü təsdiq edir. Qadın burda müstəqil iradə, agıl qoymur, heç onun aglının nəyə qadir oldugunu soruşan da yoxdur bəzən. O, bütün həyatını kişinin aglı ilə, qoydugu qurallarla, həyat idealları ilə, onun cızdıgı çərçivədə, onun icazə verdiyi sərhədlər daxilində və həddində yaşayaraq bitirir. Qadına heç özünü təsdiq imkanları verilmir, yə yaxud bir az verilir. Yenə deyirəm kişinin tanıdıgı sərhədlər, imkanlar daxilində.. Bu da qalıb kişinin aglının və intellektinin səviyyəsinə. Bizim ailə törəmizdə əxlaq, namus anlayışları qadının ciyinlərinə, taleyinə yüklənmiş. Kişinin, ailənin namusu, şərəfi qadının davranışlarına yüklənmiş. Allah eləməsin qadın bir səhv etdisə ailə, kişi oldu \”Şərəfsiz\”. Mənim dediyim əxlaq, qadına insan kimi yanaşmaq əxlaqıdır. Nə qadın kişi üzərində, nə kişi qadın üzərində dominant ola bilməz, hər ikisi bərabərhüquqlu bir \”birlik\”dir. Bu \”birlik\”də birinin hüququ azacıq o birisindən üstün oldusa tərəzinin bir gözü əyildi, tarazlıq pozuldu demək. Pozuldusa bu artıq \”birlik\” deyil, parçalanma, bölünmədir. Yolların haçalanması və fərqlənməsi, ayrılmadır. Bizim ailədə qadın şəxsiyyətə çevrilə bilmir. Şəxsiyyət olmaq demək özünün idealları, məqsədləri, özünü təsdiq planları, özünüyaratma fəaliyyətləri, özünün iş rejimi, iş planları, dostları, düşmənləri,rəqibləri, qərar qəbul etmək səlahiyyətləri, fəth etmək istədiyi ucalıqlara dogru addımları və s. və ilaxır. olması deməkdir. Əgər qadın şəxsiyyətə çevrildisə ailədə onun sorunları başlayır. Çünki, şəxsiyyət başqasının qoydugu qurallarla yaşaya bilməz!!! Başqasının verdiyi icazə, başqasının tanıdıgı imkanlar daxilində böyüyə bilməz!!! Bizim ailələrdə qadın həkim, alim, millət vəkili ola bilər, Amma ŞƏXSİYYƏT ola bilməz!!!
Şəxsiyyətin yaşam və fəaliyyət sərhədlərini və ideallarını yalnız o özü müəyyənləşdirə bilər. Qadın şəxsiyyət olursa o zəncirləri və quralları qırmaq zorunda qalır. Beləliklə o bir devrimçi olur. Lakin, bizim toplumda siyasi devrimçilər qəhrəman olur, sosial devrimçi qadın başsız, sahibsiz, həyasız, ərsiz adlndırılır və lənətlənir. Lənətlənməməyin, sosial dışlanmamagın yeganə yolu ərə getmək, başının üstünə bir \”sahib\” qazanmaqla ömrünü başa vurmaq qadın xoşbəxtliyinin yeganə meyarı, açarı olur. Vəssalam…
Bizim ailələrimizdə diktator kişilər yetişir. O, əvvəl öz ana, bacı və həyat yoldaşı üzərində, sonra bütün ölkə üzərində diktator olur. Diktatorlar heç zaman soruşmur, sən nə istəyirsən? Sən necə görürsən? Sən necə yaşamaq və ölmək arzulayırsan? Diktator yalnız monoloq söyləyə bilir. Və birdə doqma yarada bilir. Bu da insanların qəlbinə və vicdanına sirayət edə bilmir. yalnız yaşamı mıhdudlaşdırır, sıxır. Yaxşı bir toplum qurmaq üçün kim özünü dəyişdirib kamilləşməlidir, qadınmı, kişimi? Azərbaycanı xoşbəxt etməyin yollarından biri də bu ola bilərmi?
Qatillər,ruşvətxorlar, diktatorlar, soygunçular ölkəsində kim dəyişməlidir, qadınmı, kişimi? Bizim sosial əxlaqımızda nə dəyişməlidir, nə korrektə olunmalıdır. Kişilər öz baxışlarında, qadınlar öz baxışlarında bunu yenidən dəyərləndirməlidirlər məncə…