Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimatı” yeni redaksiyada təsdiq edib.
Yemək xərci üçün aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə, hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara, “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər) və məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş şəxslərə veriləcək.
Yemək xərci üçün aylıq müavinət məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvü olan şəxslərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına, məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə verilmir və ya dayandırılır. Bu sıraya Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan vəMilli Məclisə deputat seçilmiş məcburi köçkünlər, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər, hərbi xidmətdə olan məcburi köçkünlər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən məcburi köçkünlər, “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) şəxslər, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlər, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar, səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statuslu şəxslər, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilən “məcburi köçkün” statusu olan şəxslər daxildir.
Eyni zamanda “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir) yemək xərci üçün aylıq müavinət verilmir.
Təlimata əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edir. Komitə məcburi köçkünlərin siyahılarını aldıqdan sonra müavinətin məbləğini müəyyənləşdirir vəMaliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. Maliyyə Nazirliyi yemək xərci üçün aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndəsi müvəkkil bankın müvafiq filiallarına notariat qaydasında təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsini təqdim edir. Ödəniş kartları hazır olduqdan sonra müvəkkil bankın nümayəndəsi və Komitənin etibarnamə (əsasında fəaliyyət göstərən səlahiyyətli nümayəndəsi 2 tərəfli təhvil-təslim aktını tərtib edir və imzalayırlar. Bundan sonra kartlar və fərdi identifikasiya nömrəsi (FİN) zərflərdə Komitə tərəfindən etibarnamə verilmiş səlahiyyətli nümayəndəyə təhvil verilir. Ödəniş kartları və FİN-kod əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən məcburi köçkünlərə çatdırılır. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən verilmiş siyahı əsasında müvəkkil bank hərəkət qabiliyyətinə malik olmayan məcburi köçkünlərə müavinəti POS-terminal vasitəsi ilə yaşadığı ünvanda verə bilər (rabitə və enerji mənbəyi olduğu halda). Məcburi köçkün ödəniş kartını itirdikdə və ya onun FİN kodunu unutduqda o, bu barədə qeydiyyatda olduğu icra hakimiyyəti orqanına müraciət edir. Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri isə müvəkkil bankın filialına tapşırıq verir. Ödəniş kartını itirmiş və ya FİN kodunu unutmuş şəxsin vəsaiti hesabına bankın filialı tərəfindən yeni ödəniş kartı hazırlanaraq Komitənin səlahiyyətli nümayəndəsinə təhvil verilir. Məcburi köçkünün ödəniş kartı bankomat tərəfindən bloklaşdırıldıqda kart sahibinin müraciətinə əsasən bu ödəniş kartı müvəkkil bank tərəfindən müvafiq qaydada araşdırıldıqdan sonra vətəndaşa verilir. Məcburi köçkün vəfat etdikdə və ya bu Təlimata uyğun olaraq yemək xərci müavinəti dayandırıldıqda müvəkkil bank Komitənin və ya əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının yazılı bildirişinə əsasən həmin şəxslərə məxsus olan kartları bloklaşdırır.
Yeni Təlimatın qəbul edilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” ləğv edilib.
İnterpress.az