Farslar İranın bir bölgəsində yaşasa da, türklər İranın hər tərəfində yaşayırlar.backend

Farslar İranın bir bölgəsində yaşasa da, türklər İranın hər tərəfində yaşayırlar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Sabir bəy, DAK-ın hazırkı fəaliyyətini necə dəyərləndirirsiniz?

– DAK-ın fəaliyyətinə iki müstəvidə baxmaq olar. Birincisi, dünyadakı Azərbaycan dərnəklərinin ümumi vəziyyəti, fəaliyyəti, ənənələri müstəvisində: DAK-a qədər bu dərnəklərin vəziyyəti necə olub və Konqres yaranandan sonra necədir? Onların indiyə kimi gördükləri işlərlə DAK-ın işini müqayisə edərkən Konqresin Azərbaycanın diaspor tarixində ciddi bir təşkilat olduğunu və bu qurum yaranandan sonra diaspor fəaliyyətində böyük dəyişikliklərin baş verdiyini görə bilərik. DAK-la bağlı mübahisələrin özü belə Azərbaycan diasporunun ildən-ilə təşkilatlanmasına və ictimai həyatda öz yerini böyütməsinə xidmət edir. İkincisi, DAK-ın fəaliyyətinə hazırda Güney Azərbaycanda baş verən proseslər, xalqımızın ümumi problemləri işığında baxmaq olar. Ancaq Konqresin bu müstəvidə fəaliyyəti yetərli deyil. Çünki bu istiqamətdə görməli olduğumuz işlər həddindən artıq çoxdur. Qonşu xalqların, dövlətlərin diaspor təşkilatları, bizim taleyimizi yaşayan xalqlar, dövlətlərlə müqayisə edəndə daha çox iş görməli olduğumuzu görürürk. Məsələn, İranda bizimlə eyni taleyi yaşayan bir sıra xalqlar tamamilə silahlanıblar və onlar terror yoluyla silahlı mübarizə aparırlar. Azərbaycan türkləri, ümumilikdə İran türkləri bu yolu tutmayıblar və yəqin ki, bu, uyğun yol da deyil. Ümumiyyətlə, İran türkləri ilə onların taleyini tamamilə eyniləşdirmək olmaz. Çünki İran əslində yüz illər boyu türklərin dövləti olub, bizə məxsus bir ölkədir. Farslar İranın bir bölgəsində yaşasa da, türklər İranın hər tərəfində yaşayırlar. Əslində, İran türklərin vətənidir. Ona görə də İranın gələcək taleyini hamıdan çox düşünən oradakı türklərdir və buna uyğun olaraq da addımlar atılır. Yəni DAK-ın fəaliyyəti bir tərəfdən baxanda qənaətbəxş olsa da, digər tərəfdən baxanda şübhəsiz narahatlıq doğurur. Biz də bunu görürük, buna uyğun addımlar atmağa çalışırıq.

– Ötən ilin aprel ayında təşkilatın İstanbulda qurultayı keçirildi. DAK bu qurultayın birləşdirici qurultay olacağına ümid edirdi. Niyə arzulanan nəticə əldə olunmadı?

– Doğrudur, biz bu qurultaya birləşdirici qurultay kimi baxırdıq. Ümid edirdik ki, DAK-a iddiası olan, vaxtilə qurumdan inciyib getmiş adamlar, yaxud Konqresə alternativ olaraq ikinci, üçüncüsünü yaratmaq istəyənlər qurultaya gələcək. Əgər həmin şəxslərdə milli təəssüb hissi, millətə xidmət istəyi varsa, onlara maneçilik yaradılmamalıdır və qurultayda iştirak etməlidirlər. Ona görə də bu niyyətlə həmin şəxslərlə əlaqə saxlamışdıq. Bəziləri də qurultayda iştirak edəcəklərinə söz vermişdilər. Ancaq təəssüflər olsun ki, gəlmədilər. Biz İstanbulda qurultay keçirəndə onlar İstanbulun ayrı-ayrı yerlərində, köşələrində DAK-ın parçalanacağını, təşkilat daxilində müəyyən münaqişələrin baş verəcəyini gözləyirdilər. Belə adamların vətən təəssübünə, milli işə bağlılığına inana bilmirəm. Sadəcə, burada xırda oyunlar gedir və bu oyunlar heç bir xeyir verməz. İndi qurultaydan uğurlu çıxdığımızı görən və qurultayda DAK-dan kənarda qalan bir sıra adamlar bu aylar ərzində yalnız təşkilatın kölgəsini qılınclamaqla, bizə böhtanlar yağdırmaqla məşğuldurlar. Hətta DAK-ın işini bir kənara qoyub, şərəfsizcəsinə şəxsi mövzulara burunlarını soxurlar, kişiyə, insana, kəsilən duz-çörəyə və ümumiyyətlə, ictimai-siyasi fəaliyyətə yaraşmayan şəkildə özlərinə yaxın adamların mətbuat orqanlarında təşkilatla bizim işimizə kifayət qədər qara yaxıblar. Əlbəttə, bu işlər xeyli adamın əl-qolunu soyudur. Nəticədə əsas işini bir kənara qoyub, bunlara cavab vermək məcburiyyətində qalırsan. Hərçənd ki, mən çox şeylərə, xırda dedi-qodulara cavab verməmişəm və bunu özümə yaraşdırmıram. Ancaq bütün bunlar vaxt alır, DAK üzvlərinin əsəblərinə toxunur. Bu boyda işlər görülür, ancaq qarşılığında kimlərinsə ortaya düşüb suyu bulandırmaları narahatlıq yaradır. Həmin qüvvələr yenə də fəaliyyətdədirlər. Buna baxmayaraq, öz işimizi görürük, fəaliyyətimizi davam etdiririk. DAK qurultaydan keçən müddət ərzində Bakıda müxtəlif tədbirlər (Azərbaycan tarixi, Güney Azərbaycan türklərinin taleyi, İranda insan haqlarının vəziyyəti, Urmiya gölü, Suriya və İraq türkmanlarının taleyi, 21 Azər Hərəkatı və s.) təşkil edib. Bizim fəaliyyətimiz daha çox təbliğat və təşkilatlanma, DAK-ın azərbaycanlıların yaşadığı hər bir ölkədə təmsilçiliklərinin yaradılması işidir. Biz hər hansı bir ölkə və beynəlxalq təşkilata savaş elan etməli deyilik ki? Azərbaycanlıların vəziyyətini dünya ölkələrinə, beynəlxalq təşkilatlara çatdırmağa çalışırıq. Ötən il Cenevrədə Millətlər Sarayında İran türklərinin taleyinə həsr olunmuş son dərəcə mühüm konfrans keçirildi. Tədbirdə 5-6 məruzə dinlənildi, əksəriyyəti də İrandakı Azərbaycan türkləri ilə bağlı idi. Mənim və Mahmud Bilgin və qızı Ayda Kərimlinin İrandakı Azərbaycan türklərinin taleyi ilə bağlı çıxışlarımız oldu. Eyni zamanda, Braziliya, Polşa siyasətçilərinin, UNPO rəhbərinin də dəyərli çıxışları oldu. Hər halda Azərbaycan məsələsi gün ərzində geniş müzakirə obyektinə çevrildi.

DAK müxtəlif beynəlxalq qurumlarla yazışmalarını davam etdirir. DAK Strateji Araşdırmalar Mərkəzi İranda insan haqlarının vəziyyəti ilə bağlı hər ay hesabatlar hazırlayır, bu sənədləri müxtəlif kanallar vasitəsilə yayırıq, həmçinin saytımız fəaliyyət göstərir, İranla daimi əlaqələrimiz var, Azərbaycanda təhsil alan güneyli tələbələrin zaman-zaman qarşılaşdıqları problemlərin həllinə yardımçı oluruq. Yəni DAK işini hərtərəfli davam etdirir.

– DAK-ın digər diaspor təşkilatlarından əsas fərqi nədir?

– Mən bu yaxınlarda televiziya çıxışlarımın birində dedim ki, bir sıra ölkələrin diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatlarını yan-yana qoymaq, müqayisə etmək olmaz. Məsələn, yəhudilər 2000-2500 ildir dünyaya dağılıblar və onlar artıq diaspor deyil, yaşadıqları ölkə onların vətənləridir. Ancaq bizimkilər Rusiyaya çorək pulu, iş dalınca gediblərsə, onda imkanlar tamamilə fərqlidir. DAK-ın digər diaspor təşkilatlarından əsas fərqi nədir? DAK Azərbaycan Respublikasından getmiş və xaricdə yerləşmiş azərbaycanlıların dərnəklərindən fərqli olaraq, ancaq Quzey Azərbaycan məsələsiylə məşğul deyil. DAK həm də dünyanın hər yerində yaşayan azərbaycanlıların taleyini düşünür və bizim üzvlərimizin arasında həm İraq, həm Suriya türkmanları, həm Türkiyə azərbaycanlıları, həm Borçalı, həm də başqa türklər var. Eyni zamanda, bizim əsas məqsədlərimizdən biri Güney Azərbaycanda, bütövlükdə, İranda yaşayan türklərin problemlərini, çətinliklərini və Azərbaycanın bölünmüş, Ermənistandan və Qarabağdan deportasiya olunmuş, qovulmuş və demək olar ki, bütün sahələrdə hüquqları ayaqlanan, tapdalanan bir xalq olduğunu dünyaya çatdırmaqdır. Şübhəsiz ki, məqsədlərimiz daha böyük və daha genişdir. Ölkədən siyasi mühacir kimi getmiş, indiki iqtidardan inciyib respublikanı tərk etmiş, ümumiyyətlə, müstəqilliyimizi qazandıqdan sonra xaricə üz tutmuş bəzi adamlar var ki, onların dərdi yalnız Azərbaycan hakimiyyəti ilə mübarizə aparmaq, onun səhvlərini, fəaliyyətindəki qüsurları əldə bayraq edib, onu gözdən salmaqdır. Ancaq bizim fəaliyyətimiz daxili siyasətdən daha çox, azərbaycanlıların taleyinə diqqəti yönəltməkdir.

– DAK-ın digər ölkələrdə də nümayəndəlikləri var və mütəmadi olaraq “Paltalk” vasitəsilə iclaslar keçirilir. Bəs sizcə, xarici nümayəndəliklərlə virtual əlaqələr bəs edirmi?

– Düzünü deyim ki, qurultaydan sonra əlaqələrimiz bir az zəifləyib. Çünki bir sıra xoşagəlməz söz-söhbətlər bəzən adamın əlini işdən soyudur, şübhəsiz, fəaliyyətimizə müəyyən təsir göstərir. Lakin bunlar problemin heç də əsas səbəbi deyil. Sadəcə, biz vaxtilə “Paltalk” vasitəsilə müzakirələrdən imtina etmişdik. Çünki bu gün elektron şəbəkələrin bir sıra xarici kəşfiyyat orqanlarının nəzarəti altında olduğu hər kəsə məlumdur və Şərqlə, regionla, dünyanın müxtəlif ölkələriylə bağlı siyasi planlar cızan dövlətlərin əlində bir vasitədir. Ona görə də qorunmaq mümkün olmur. Nəticədə “Paltalk” vasitəsilə apardığımız müzakirələr qısa müddətdən sonra müxtəlif yerlərdə üzə çıxır və işimizə mane olur. Bu səbəbdən “Paltalk” vasitəsilə müzakirələrdən imtina etmişdik, Azərbaycandan da geniş müzakirə otaqları açmaq mümkün deyildi. Görünür, yalnız DAK-ın işi deyil, azərbaycanlıların vəziyyəti ilə bağlı “Paltalk” vasitəsilə müzakirələri davam etdirmək lazımdır. Nəticə etibarilə müzakirəyə daha çox soydaşımız qatılsın və hər kəs öz sözünü deyə bilsin. “Skayp” da müzakirələri davam etdirmək üçün elektron vasitədir. Ancaq DAK-ın əvvəldən bir ənənəsi var, bu da təşkilatın İdarə Heyətində daha çox ölkənin təmsil olunmasıdır. İndi isə düşünürəm ki, bu məsələ DAK İdarə Heyətinin işinə əslində mane olur. Baxmayaraq ki, biz dünyanın demək olar bütün coğrafiyasını əhatə edirik – Avstraliya, ABŞ, Avropa ölkələri, Türkiyə, Azərbaycan, İraq və s. Ancaq DAK-ın əhatə etdiyi çox geniş coğrafiyada təmsilçiləri də bir araya yığmaq çətindir. Görünür, DAK İdarə Heyətinin 21 üzvündən əlavə, tez-tez görüşə bilmələri üçün İşçi Qrupa ehtiyac var. Çünki 21 nəfərin hamısını ayda bir-iki dəfə bir yerə yığmaq çox çətindir. Eyni zamanda, DAK-ın Azərbaycan nümayəndəliyi və Bakıda İcra Aparatı da var. Ancaq DAK-ın Azərbaycan nümayəndəliyi bir sıra işləri müştərək həyata keçirir. Görünür, nümayəndəliyin fəaliyyəti daha da möhkəmləndirilməlidir. Bundan başqa, DAK-ın Bakıda İcra Aparatının işi də yenidən qurulmalıdır.

– DAK-ın gələcək planları haqqında məlumat verərdiniz. Qarşıda hansı işlər var? DAK-ın birləşməsi gözlənilirmi?

– Bu gün DAK-a aidiyyəti olmayan bir sıra adamlar guya yenidən yapılanma, təşkilatlanma adıyla ortaya düşüblər. Əhməd Obalı və Məmməd Azər də bununla bağlı mənə bir neçə dəfə zəng vurublar, danışmışıq. Bunlar yenə də birlik söhbətini ortaya atıblar. Mən də ümumiyyətlə həmişə birliyin tərəfdarı olmuşam və bundan sonra da birləşmək istiqamətində bütün addımları atmağa hazıram. Birincisi, kiminlə birləşməkdən söhbət gedir? Mən Əhməd Obalı və Məmməd Azərlə də danışmışdım və onların hər ikisini DAK-ın İstanbulda keçirilmiş qurultayına dəvət eləmişdim. Apreldən bəri təxminən 9 ay keçib. Onda belə bir sual meydana çıxır: axı biz sizi İstanbul qurultayına dəvət eləmişdik. Çox yaxşı qurultay idi, qurultayı daha da yaxşı keçirmək olardı. Ancaq müəyyən proseslər bizi tələsdirirdi. Əgər doğrudan səmimi birləşmək istəyi vardısa, onda gələrdiniz. Mən həmin vaxt onların Türkiyə təmsilçisi Asif Qurbanla da danışmışdım. Ümumiyyətlə, hamı ilə danışmışdım ki, gəlin, qurultayımızda iştirak edin. İndi 9 aydan sonra təzədən mənə zəng vururlar ki, gəlin, Belçikada birləşdirici qurultay keçirək. Hətta bunlar artıq qurultayın vaxtını da, keçiriləcəyi oteli də müəyyənləşdiriblər. Məmməd Azər mənə zəng edib deyir ki, siz də gəlib iştirak edin. Başa düşmürəm, mən dəvət eləyəndə siz gəlmirsinizsə, onda mən hansı səlahiyyətlə, hansı şəkildə ora gələ bilərəm? Birliyə bu cür getmək olmaz. Əvvəla, birlik niyyətiylə Bakıda bir yığıncaq keçirilib və həmin toplantını İsveçdən Siyavuş Yusifli aparıb. S.Yusifliyə sayğım var, mehriban oğlandır, yaxşı münasibətimiz var. Ancaq Siyavuşa sual vermək istəyirəm: səni hansı təşkilat seçib, hansı səlahiyyətlə gəlmisən, sənin DAK-da hansı fəaliyyətin var, ümumiyyətlə, Azərbaycan ictimai-siyasi həyatı, milli işimiz üçün nə iş görmüsən? Eyni zamanda, Bakıda DAK-a heç aidiyyəti olmayan 5-6 adamı yığıb hər birinə guya birləşdirici qurultaya aparacağına dair bir mandat vermək haqqını kim sənə verib? Siz heç birləşdirici qurultaya gəlməyib, kənarda qalırsınız. Mən də fikirləşirəm ki, bu adamların dərdi nədir? Bunlar doğrudanmı DAK-ı birləşdirmək, onun güclü olmasını istəyirlər? Gəldiyim nəticə budur ki, burda DAK söhbəti getmir. Biz bütün Quzey Azərbaycan DAK-ın üzvü olaq və son dərəcə güclü bir təşkilata çevrilək, yenə də İrandan və ya kənardan kimsə ortaya çıxıb bir alternativ yaradacaq. Ümumi DAK-ın birləşməsi mümkün deyil.

– Bəs Belçikada qurultay adıyla keçiriləcək tədbirə qatılacaqsınızmı?

– Məni dəvət ediblər, Belçikaya gedib təkbaşına iştirak edə bilərəm. Ancaq mən bir təşkilatın sədriyəm, DAK İdarə Heyətinin 21 nəfər üzvü, qurultayımızda iştirak etmiş insanlar var. İkinci və ya üçüncü DAK yoxdur, sadəcə, ad var və kimsə həmin DAK-lara iddialıdır. Yaxşı, tutaq ki, belə bir təşkilatın mövcudluğunu qəbul edirəm. Əgər doğrudan da səmimi şəkildə birlik qurultayına getmək istəyirlərsə, onda hər iki tərəfin İdarə Heyəti bir araya gəlməli idi. Çünki qarşı tərəfdə İdarə Heyəti deyilən bir şey qalmayıb, bir neçə dəfə parçalanıb, müxtəlif adamlar gedib gəliblər. Ancaq Məmməd Azər, Əhməd Obalının xətrinə həmin təşkilatın varlığı və ya yoxluğu və qüsurları haqqında bir şey demirəm. Çünki hər ikisi də bu işə bağlı adamlardır. Ən azı Əhməd Obalının “GünAz” televiziyası var və qüsurlarına baxmayaraq, bu işdə xidməti ortadadır. Ona görə də mən sayğıyla yanaşıram. Əgər doğrudan da birlik istəyiriksə, onda gərək bir yerdə oturub müzakirə edəydik, vaxtını, yerini, kvotanı və s. müəyyənləşdirəydik, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradaydıq, həmin komitə də bu işləri görəydi, bu məsələlər hamısı həll olunduqdan sonra da birgə qurultaya gedəydik. Yoxsa biz bunları qurultaya çağırırıq, gəlmək əvəzinə kənarda qalırlar. Sonra da “gəlin Belçikada yığışaq” deyirlər. DAK İdarə Heyətinin üzvlüyündən könüllü çıxmış, istefa vermiş, yaxud da təzyiqləri, arzulanmayan biri olduğunu görüb kənarda qalmış adam ortada su bulandıra-bulandıra gəzir, orda-burda təşkilatdan kənarda olan adamları başına yığır, guya yenidən bir qurum yaradacaq. Bunlar hamısı mənasız işlərdir. Biz fəaliyyətimizi davam etdiririk və bundan sonra da öz yolumuzla gedəcəyik. Mən güneyli dostlarıma müraciət etmək istəyirəm. Əgər DAK-ın Arazın hər iki tayının təşkilatı kimi inkişafını istəyirlərsə, onda bizə hərtərəfli yardım etməlidirlər. Bizim Bakıda gördüyümüz işləri bunların heç biri görə bilməz. Azərbaycanda təhsil alan güneyli tələbələrin və ya Bakıya gələn güneyli soydaşlarımızın DAK-dan başqa müraciət edəcəkləri bir yer olmadığını başa düşsünlər. Əgər DAK-ın yalnız güneylilərin təşkilatı, idarəedicilərinin də özlərindən olmasını istəyirlərsə, mənim heç bir iddiam yoxdur. Bu günədək təşkilatı çox böyük çətinliklərlə yaşatmışıq, gəlib indi onlar davam etdirsinlər.

Bundan əlavə, guya DAK-ın çoxlu pullarının olması, təşkilata kimlərinsə yardım etdiyi barədə yanlış təsəvvür yaratmağa çalışırlar. Hətta mənə DAK-ın hesabına varlanmağım, ev tikməyim barədə böhtanlar da atırlar. Bunlar o qədər gülünc və o qədər əbləh, alçaq bir söhbətdir ki, adam cavab da vermək istəmir. Çünki həmin adamların psixologiyasına, düşüncəsinə uyğun söhbətdir, onlar dünyaya pul gözüylə baxırlar. Mən DAK-a məslək gözüylə baxıram, milli iş kimi görürəm. Neçə illərdir ki, DAK-ın fəaliyyəti üçün öz ailə büdcəmdən kəsmişəm və ən yaxın dostlarımın hesabına təşkilatı yaşatmışam. Mənim heç bir iddiam yoxdur və gəlsinlər, işi davam etdirsinlər. Ancaq DAK-a alternativ və təşkilatdan tökülmüş adamlardan ibarət qurum yaradılmasını nə Əhməd Obalıya, nə də Məmməd Azərə yaraşdırıram. Əgər normal birlik istəyirlərsə, bir yerə yığışıb müzakirələr aparmaqla müəyyən qərarlar qəbul etməliyik. Bir sözlə, biz bütün mürəkkəb şəraitə baxmayaraq, DAK-dakı işimizi davam etdiririk və bu cür söz-söhbətlər də fəaliyyətimizə təsir göstərə bilməz. Mən DAK-dan kənar bir təşkilatda da fəaliyyət göstərə bilərəm. Ancaq indiki vəziyyətdə DAK-ın Azərbaycan Respublikasından ayağını üzmək təşkilatı məhv etməyə xidmət edir. Mən də bunu istəmirəm və buna da imkan vermək olmaz. Əgər kənarda qalan dostlarımız hansısa bir iş görmək istəyirlərsə, DAK-a alternativ əvəzinə, başqa adda bir qurum yaratsınlar və fəaliyyət göstərsinlər. Bundan sonra birliyə ehtiyac yaranarsa, hansısa addımlar atmaq olar. Əgər bu adamlar bir yerdə ola bilmirlərsə, hansı birlikdən söhbət gedə bilər? Mən gələnədək DAK-da artıq parçalanma var idi. Bu parçalanma da Haaqa qurultayından sonra başlayıb, əsasən də güneyli soydaşlarımız arasında yaranıb. Ancaq biz DAK-ın fəaliyyətini gücləndirdikcə təşkilatın əleyhinə təbliğat da güclənir. Bu da İran rejiminin və Azərbaycan diasporunun inkişafını istəməyən digər qüvvələrin sifarişi ilə həyata keçirilir. Eyni zamanda, DAK-ı Quzey Azərbaycandan çıxarmaq istəyən müəyyən qüvvələr də var. Çünki İran qarşısında öhdəlikləri olduğundan, DAK-ın Azərbaycan Respublikasından getməsini istəyirlər. Beləliklə, Quzey-Güney birliyinə xidmət edən təşkilatların biri də azalsın. Yəni DAK yalnız güneylilərin təşkilatı olsun. Bunlar hamısı ziyanlı yollardır. Mən bunu bildiyimə, bütün prosesləri izlədiyimə görə DAK-da fəaliyyətimi davam etdirirəm və bundan sonra da davam etdirəcəyik.

– DAK-a yeni üzvlərin, gənclərin cəlb olunması ilə bağlı hansı addımlar atılır?

– Ümumiyyətlə, Azərbaycanda yeni bir gənclik yetişir. Onların düşüncəsi, fəaliyyəti mənə doğmadır, xoş gəlir. Düzdür, milli düşüncəyə, millətin ümumtürk təfəkkürünə zərbə vuran, onun qarşısını alan bir çox amillər var. Amma buna baxmayaraq, nə türklük şüurunu bu millətin beynindən çıxarmaq, nə onun kökünü unutdurmaq, nə gələcək ideallarından qoparmaq, nə də birlik təfəkkürünü əlindən almaq mümkündür. Azərbaycan bərəkətli bir torpaqdır. Son 200 il ərzində bu millətin nə qədər ağıllı adamlarını məhv ediblər. Ümumiyyətlə, bu milləti tamamilə başsız qoymaq siyasəti aparılıb. Ancaq buna baxmayaraq, 1988-ci ildə millət özündə yenidən güc tapdı və ayağa qalxdı. Mübarizə də müstəqilliyin əldə olunmasınadək davam etdi. Ona görə də bu milləti tam qısır saymaq olmaz, yenə də öz gəncliyini, istedadlı adamlarını yetişdirir. Azərbaycan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğluların vaxtında olduğu kimi, yenə də türklük düşüncəsinin mərkəzidir. Ona görə də gənclər bu məsələyə çox həssasdırlar. Mən sonuncu dəfə “Turan” ocaqları ilə görüşdüm. Bu gün həmin gənclər təfəkkürdə, ağılda silahlanıblar. Ağılda silahlanmış insanlar lazım gələrsə sabah vətəni qorumaq üçün də silahlana bilərlər. Ağlı küt, ağılsız bir nəslin vətəni qoruyacağına da inanmaq mümkün deyil.

İnterpress.az