Xəbər verildiyi kimi Palmira rayonunda Mi-25 (digər məlumatlara görə Mi-35M) döyüş vertolyotu vurulub. Müdafiə Nazirliyi vertolyota “İslam dövləti” terrorçu qruplaşmasının yaraqlılarının atəş açdığını bildirir. Heyət üzvləri-Krasnodar vilayətində dislokasiya olunmuş 55-ci əlahiddə aviasiya polkunun komandiri, polkovnik Rafaqat Habibullin və pilot-operator, leytenant Yevgeni Dolqin həlak olublar.
Rusiya Müdafiə Nazirliyi isə vertolyotun Suriya ordusuna məxsus olduğunu, pilotların vertolyotu sadəcə olaraq idarə etdiyini bildirir. Hərçənd ki, bunu başa düşmək olar. Rusiya Suriya hərbi kampaniyasında canlı qüvvə və texnika itkisinin artmasını etiraf etməyə hazır deyil. Bu, prezident Putinin Suriyada Bəşər Əsəd qüvvələrinə dəstəyin ancaq hava əməliyyatları ilə məhdudlaşdırıldığı və Rusiya hərbçilərinin quruda döyüşə girməyəcəkləri haqda bəyanatları ilə uzlaşmır.
Lakin indiyədək Rusiyanın Suriyada bir neçə dəfə canlı qüvvə itkisi qeydə alınıb. Özəl şirkətlər vasitəsilə Suriyaya göndərilən muzdlular arasında itkilər isə daha çoxdur. Üstəlik Palmira şəhəri azad olunandan sonra Rusiyanın bu bölgədəki qüvvələrinin bazasına İŞİD güclü minomyot zərbələri endirmişdi və nəticədə dayanacaqda saxlanılan bir neçə Mi-24 vertolyotu, habelə digət texnika sıradan çıxarılmışdı. Baxmayaraq ki, Rusiya Müdafiə Nazirliyi Amerika kəşfiyyatının peyk görüntüləri ilə müşaiyət olunan həmin xəbərləri təsdiq etmədi.
Sonuncu döyüş vertolyotunun hansı şəraitdə vurulduğuna gəldikdə isə MN bildirir ki, İŞİD terrorçuları böyük qüvvə ilə Palmira yaxınlığındakı hökumət qüvvələrinin mövqelərinə hücum edib. Müdafiəni yarıb və hakim yüksəklikləri almaq üçün sürətlə irəliləyib. Nəticədə vertolyotun ekipajı döyüşə girməyə qərar verib, terrorçuların hücumu pozulub, ancaq vertolyot döyüş sursatını sərf edib geri dönərkən yerdən açılan atəşlə vurulub.
İnteretdə vertolyotun düşməsinin görüntüləri yayılıb. Rusiya hərbi mənbələrindən bildiriblər ki, vertolyota ABŞ istehsalı olan TOW tank əleyhinə raket kompleksindən atəş açılıb. “Əldə edilən məlumatlara görə terrorçular Amerika raketi istifadə ediblər. Vertolyot döyüş sursatını sərf edib aşağı hündürlükldən uçaraq geni dönərkən vurulub”-mənbə bildirib.
Bu, Suriya müharibəsində ABŞ silahının Rusiya texnikasına qarşı istifadə edilməsinə dair birinci fakt deyil. Bir neçə ay əvvəl internetdə yaraqlıların Rusiyanın Suriyaya təzəcə göndərdiyi T-90 tankına qarşı TOW raketini istifadə etdiyinə dair görüntülər yayılmışdı. Lakin həmkin döyüşdə T-90 tankı qalib çıxmışdı.
Tank əleyhinə TOW raket kompleksləri Səudiyyə Ərəbistanı, İordaniya və ola bilsin Türkiyə üzərindən Suriyada anti-Əsəd qüvvələrinə çatdırılıb. Bu komplekslər əvvəlcə mötədil müxaliflərin Əsədə qarşı silahlandırılması proqramı çərçivəsində Suriyaya göndərilirdi. Söhbət “Azad Suriya Ordusu”undan və son vaxtlara qədər Qərbin dolayısı dəstək verdiyi “Əl-Nüsra Cəbhəsi”indən gedir. Lakin Pentaqonun da etiraf etdiyi kimi Suriyaya göndərilən Amerika silahlarının İŞİD-in əlinə keçməsinin qarşısını almaq mümkün olmayıb.
Pentaqon Suriyada ABŞ-ın dəstəklədiyi müxalifləri “Stinger” daşınan zenit-raket kompleksi ilə təchiz etməyi də planlaşdırırdı. Bu, təkcə Əsədin aviasiyasına qarşı deyildi, Rusiyanın Suriyada ABŞ-ın dəstək verdiyi müxaliflərə qəsdən dəfələrlə hava zərbələri endirib onları böyük itkilərə məruz qoymasına cavab kimi nəzərdə tutulurdu. Lakin belə görünür ki, ABŞ Rusiyanı daha da qıcıqlandırmamaq üçün bu raketləri Suriya müxaliflərinə ötürməkdən çəkindi. Çünki Suriyada “Stinger” raketi ilə Rusiya təyyarəsinin vurulması iki super dövlət arasında vəziyyəti daha da gərginləşdirə bilər. (virtualaz.org)
İnterpress.az