Rəşad Həsənov: “Çıxış yolu bu sektorda təməl islahatların aparılmasıdır”
Dünya Bankı növbəti dəfə hesabatında Azərbaycan iqtisadiyyatının inkişaf tempini qiymətləndirıb və bəzi müsbət məqamlarla yanaşı problemlərin qaldığını da qeyd edib.
İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun “Qlobal İqtisadi Perspektivlər” adlı yeni hesabatında bildirilir ki, Azərbaycanda iqtisadi artımı üç əsas faktor – fiskal stimullaşdırma tədbirləri, yüksək neft qiymətləri və qaz hasilatının artması şərtləndirir.
Hesabatda o da qeyd olunub ki, 2017-ci ildə neft hasilatında azalma qeyri-neft sektorundakı yüksək inkişaf templəri və həyata keçirilən fiskal stimullaşdırma tədbirləri ilə kompensasiya olunub.
Dünya Bankının ekspertlərinin fikrincə, həyata keçirilən uğurlu islahatlara baxmayaraq, Azərbaycanın bank sektoru hələ də xarici şoklara qarşı həssasdır.
Hesabatda ən diqqət çəkən məqam da məhz sonuncu cümlədir. Bu o deməkdir ki, ölkənin bank sektoru istənilən bir xarici şokdan təsirlənərək daha böhranlı vəziyyətə düşə bilər. Necə ki, 2014-cü ilin sonlarından başlayaraq neftin kəskin ucuzlaşması və bunun nəticəsində manatın dollar qarşısında kəskin devalvasiyaya uğraması bank sektoru üçün ağır nəticələrlə yadda qaldı.
Bəs görəsən, ölkənin bank sektoruna təsir edə biləcək hansı xarici şoklar yaşana bilər? Bankları bu şoklardan necə sığortalamaq mümkündür?
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, xarici şoklar dedikdə Azərbaycan üçün ən xarakterik olanı neftin qiymətidir: “Çünki ölkə iqtisadiyyatı bütün sahələrdə, o cümlədən maliyyə sahəsində neft gəlirlərindən birbaşa və dolayı yolla asılı olduğu üçün qara qızılın dünya bazarında kəskin ucuzlaşması bank sektoruna da ciddi təsir göstərir. Biz 2015-ci ildə bunu Azərbaycanın bank sektorunda müşahidə etdik və hazırda da bu problem yaşanmaqdadır.
Bundan başqa, qlobal bazarlarda dönərli valyutaların, xüsusilə də avro və dolların məzənnəsində müşahidə edilən dəyişikliklər, bankların xarici valyutalarla bağlı mövqeyinə uyğun olaraq mənfi təsir göstərir. Xarici şok dedikdə həmçinin borclanma faizləri nəzərdə tutulur. Dünya bazarlarında borclanma faizləri artırsa, bu bankların da faiz öhdəliklərini artırır. Son nəticədə bankların gəlirlərinin formalaşmasına neqativ təsir göstərir, xərclərini artırır. Bunlar əhəmiyyətli məqamlardır. Bu gün Azərbaycanın bank sektorunda likvitliyin zəif olması, valyuta mövqeyinin hazırki bazar konyukturunda tam balanslaşdırıla bilməməsi əsas zəif nöqtələrdir. Dünya Bankı da bu kimi məqamları nəzərə alaraq öz rəyini bildirib\”.
R.Həsənovun fikrincə, problemlərin aradan qaldırılması o qədər də asan deyil: “Qısamüddətli dövrdə onları, sadəcə, kosmetik dəyişikliklərlə həll etmək mümkün deyil. Bank sektorunda əsaslı islahatların aparılmasına ehtiyac var, problemlərin kökünün öyrənilməsinə ehtiyac var. Problemlər əsasən 2015-ci ildə baş verən devalvasiyalardan qaynaqlandı. Səbəb isə o idi ki, banklar zamanında düzgün olmayan kreditləşmə siyasəti apardılar, valyuta mövqeyini düzgün müəyyənləşdirmədilər. Bütün bu neqativ hallar devalvasiyalar fonunda ən sərt formada üzə çıxdı. Bank sektoru Azərbaycan tarixində özünün böyük böhran dövrünü yaşayır”.
İqtisadçı vurğuladı ki, bu vəziyyətdən çıxmaq üçün ilk növbədə problemli kreditlər həll edilməlidir və bankların toksik aktivlərinin həcmi azaldılmalıdır: “Hazırda bu, kritik həddədir, problemli kreditlər 14 faizin üzərindədir. Bank sektorunda tənzimləyici qurumun- indiki halda Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirdiyi tədbirlərin zəif olması da bu məsələdə rol oynayır. Sözügedən qurumun müstəqilliyində problemin olmasından qaynaqlanan çətinliklər də var. Bu çətinliklərin də aradan qaldırılmasına ehtiyac var. Problemli kreditlərlə bağlı dəfələrlə təkliflər verilsə də, bunlardan heç biri qəbul olunmayıb. Bu baxımdan standartlar dəyişdirilməlidir. Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən normativlərin dəyişdirilməsinə də ehtiyac var. Bankların kredit siyasəti qanunvericilik və hüquqi təminat baxımından sərtləşdirilməli, eyni zamanda da banklar kreditləşməyə təşviq edilməlidir. Bu gün Mərkəzi Bank uçot dərəcəsini azaldır, ancaq eyni zamanda bankların kredit portfeli də kiçilir. Artıq bank sektoru o qədər deaktiv olub ki, faktiki olaraq Mərkəzi Bankın kredit faizlərində etdiyi dəyişikliklərə də adekvat reaksiya vermir. Bu isə o deməkdir ki, tənzimləyici qurumlar bank sektorunda ciddi təsir gücünə malik deyillər. Bütövlükdə sektorda sistemli dəyişikliklərin aparılması, bankların qruplaşdırılması çox vacibdir. Ləğv edilməsi gözlənilən banklar, problemli banklar və nisbətən daha sabit vəziyyətdə olan banklar olaraq qruplaşdırılması mümkündür. Problemli banklarla stabil bankların birləşdirilməsi istiqamətində təşəbbüs ortaya qoyulmalıdır. Tələb olunan məcmu kapitalının həcminin artırılması da önəmli məqamlardan biridir ki, banklar birləşməyə vadar olsunlar”.
R.Həsənovun sözlərinə görə, bankların kredit portfelinin strukturu ilə bağlı öhdəliklər müəyyən edilməlidir: “Bu, müəyyən qədər doğru yanaşma olmaya bilər. Kapitalın idarə edilməsi biznesin öz hüququ kimi qiymətləndirilə bilər. Lakin göründüyü kimi banklar düzgün kredit siyasəti həyata keçirmirlər. Normativlərdə müəyyən öhdəliklərin təyin edilməsinə ehtiyac var ki, kreditin strukturunda istehlak kreditlərinin həcmi ilə biznes kreditlərinin həcmi nə qədər olsun. Çıxış yolu bu sektorda təməl islahatların aparılmasıdır”. (musavat)
İnterpress.az