Bu barədə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir. Heyət 21-22 sentyabr tarixlərində seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycana səfər edib. Bəyanatda qeyd olunur ki, ATƏT DTİHB və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkilərin müşahidəsindən imtina edib: “AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir, belə ki, AŞPA-ya üzv ölkədə monitorinq adı altında seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institutsional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir”.
Sənəddə bildirilir ki, heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyası tərəfindən parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən indiyə kimi heç bir şikayət daxil olmayıb: “Parlamentə daxil olmayan müxalif partiya nümayəndələri bütün namizədlər üçün bərabər imkanın yaradılmasının, o cümlədən sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”.
AŞPA seçkiqabağı missiyası bir sıra əsas müxalif partiyaların öz seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb.
İnterpress.az