Almaniyanın Ştutqart şəhərində azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycana dəstək aksiyası keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil ediblər. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb.
Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “’Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun” və s. kimi şüarlar səsləndiriblər.
İnterpress.az