İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında qısqanc gənc 18 yaşlı kollec tələbəsi olan qıza 12 bıçaq zərbəsi endirib. Hadisədən dərhal sonra özü polis bölməsinə gələrək cinayəti etiraf edib.
Əslən Başqırdıstandan olan gənc qız təhsil almaq üçün Zlatoust şəhərində ev tutub. Yerli kababxanada işləyən 21 yaşlı azərbaycanlı sevgilisi gecə onun evinə qonaq gəlib. Yerli istintaq idarəsinin yaydığı məlumata görə, onlar arasında qısqanclıq zəminində mübahisə düşüb: “Oğlan mətbəx bıçağını götürərək qıza sinəsindən və qarnından 12 bıçaq zərbəsi endirib və o, hadisə yerində ölüb. İlkin dindirilmə zamanı oğlan qısqanclıq səbəbindən emosiyalarını saxlaya bilmədiyini və ümumilikdə tez hirslənən adam olduğunu etiraf edib”.
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb. İlkin ehtimala görə, azərbaycanlı miqrantı 15 il azadlıqdan məhrum edilmə cəzası gözləyir.
İnterpress.az