Dövlət Komitəsinin sədri dünya azərbaycanlılarına çağırış edibbackend

Dövlət Komitəsinin sədri dünya azərbaycanlılarına çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi”.

İnterpress.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Dövlət Komitəsinin sədri hesab edir ki, postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır:

“Bura ilk növbədə lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir. Bundan başqa, uzun illərdir xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdırlar. Qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiyanı gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas problemlərdəndir”.

“Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısının Qarabağın quruculuğuna yönəlməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura – Ana Vətənə sərmayə qoymasıdır.

Prezident İlham Əliyevin dediyi kimi, “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”, – F.Muradov bildirib.