Hacı Hüsnü Həsənov APA-ya açıqlamasında bildirib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxslər (və yaxud şəxs) pəncərədən evə girib.
Onun sözlərinə görə, oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan “Vinçester” markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicədə olduğunu deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb. O, evində nağd pul olmadığı üçün pul oğurluğu olmadığını da bildirib: “100 min manat pulun oğurlandığı barədə məlumat həqiqətə uyğun deyil”.
O, hadisə barədə polisə müraciət etdiyini, oğurluq törətmiş şəxslərin tapılması üçün axtarışlara başlanıldığını bildirib: “Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Salyan Rayon Polis İdarəsindən rəhbərliyi başda olmaqla, hadisə yerinə gəldilər və lazımı qeydlərini götürüb getdilər\”.
H. Həsənov onu da bildirib ki, heç kimlə şəxsi ədavəti, yaxud problemi olmadığı üçün konkret kimdənsə şübhələnmir.
Qeyd edək ki, bu gün virtualaz.org saytı QMİ rəsmisinin evindən 100 min manat, xeyli qızıl-zinət əşyası və silah oğurlandığı barədə xəbər yayıb.
İnterpress.az