“Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər”.
Bu sözləri Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyənin özünün qaz hasil etməyə başlaması ilə yanaşı, İsrail qazının bir hissəsinin də Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır:
“Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olması ilə bərabər, qardaş Türkiyəyə də böyük imkanlar açır və bu Avropa üçün də çox önəmlidir. AB ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq. Buna görə də birbaşa olmasa da dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur. Qazın qiymətinin kəskin bahalaşması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır. Bu mənada Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər, bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, həm də gənc, dinamik nüfuzu var, işsiz olan 4 milyon nəfər vətəndaşı var ki, bunlardan da 20%-i gənclərdir.
Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Bunun üçün Türkiyə bəzi institutsional problemlərini həll etməli, məhkəmə hakimiyyətində olan boşluqları doldurmalı, Mərkəzi Bankı və məhkəmələri AKP idarəetməsindən çıxartmalıdır”.