“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi üzrə Dünya Bankının layihə rəhbəri xanım Eval Melisin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 27-də Vəkillər Kollegiyasında olub.
İnterpress.az xəbər verir ki, qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Dünya Bankı ilə əməkdaşlığa önəm verildiyini bildirərək, elektron vəkillik və bu sahədə elektron xidmətlərin xüsusi əhəmiyyətini diqqətə çatdırmışdır. Sədr xatırlatmışdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur: “Biz cənab Prezidentin Sərəncamından sonra dərhal işə başladıq və müəyyən addımlar atdıq. Ancaq hesab edirəm ki, hazırda “Elektron vəkil” sisteminin təkmilləşdirilməsinə və onun “Elektron məhkəmə” informasiya sisteminə tam inteqrasiyasına ehtiyac var. Ümumiyyətlə, “Elektron vəkil” sistemin daha effektiv fəaliyyəti üçün Vəkillər Kollegiyasına ardıcıl dəstək göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onu da qeyd etməliyəm ki, hazırda Vəkillər Kollegiyası “Elektron order” sistemi ilə əlaqədar bütün işləri yekunlaşdırıb və gələn ay sistemi pilot layihə kimi təqdim etməyi nəzərdə tuturuq”.
Anar Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırmışdır: “Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcəkdir.
Digər məsələ “Elektron təyinat” sistemidir. Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlıq, vaxtaşırı aparılan müzakirə və tədbirlər sayəsində Bakı şəhərində fəaliyyət göstərən bütün məhkəmələrdə bu sistem 2 ildir ki, tətbiq olunsa da, təəssüf ki, bölgələrdə hələ də köhnə qaydalar qalmaqdadır. İstərdik ki, nəinki məhkəmələr, ölkədə fəaliyyət göstərən bütün istintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sistemi tətbiq edilsin”.
Sədr eyni zamanda gələcəkdə stastistik məlumatların mərkəzləşdirilmiş elektron uçotunun aparılmasının da əhəmiyyətini qeyd etmişdir.
Xanım Eva Melis isə çıxışında Azərbaycanda olduğundan məmnunluğunu ifadə edərək, Vəkillər Kollegiyası ilə əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırmışdır.
Sonra layihənin koordinatoru, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qaraqurbanlı layihə haqqında ətraflı məlumat verərək bildirmişdir ki, ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin rolu böyükdür və bu baxımdan vəkillərin elektron məlumatlara çatımlığı təmin edilməlidir: “Bu sahədə Vəkillər Kollegiyası bizim ən mühüm tərəfdaşlarınızdan biridir. Ümumiyyətlə, son dövrlərdə vəkilliyin inkişafı istiqamətində görülən işləri biz hakimlər də daha yaxşı müşahidə edir və bunu yüksək qiymətləndiririk”.
Həmçinin layihə çərçivəsində “Elektron proqram təminatlarının istifadəsi üzrə biliklərin formalaşdırılması məqsədilə təlimlərin keçirilməsi” fəaliyyəti üzrə təlimlər keçiriləcək. Qeyd olunan təlimlər çərçivəsində vəkillər üçün “Elektron məhkəmə” informasiya sisteminin alt modulu olan “Elektron kabinet”indən istifadə olunması potensialının artırılması da nəzərdə tutulmuşdur.
Daha sonra Vəkillər Kollegiyasının elektron xidmətlər sahəsində gördüyü işlərə dair təqdimatla Kollegiyanın Aparat rəhbəri Bayram Orucov çıxış etmişdir.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, irəli sürülən təkliflərlə bağlı İşçi Qrupunun yaradılması qərara alınmışdır.