Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinə növbəti dəfə müraciət edib. Bildirilib ki, aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsi növbəti dəfə təklif edilib.
Məlum olduğu kimi, martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində Qarabağdakı erməni icması ilə görüşmüşdü. Martın 13-də ermənilər Bakıya dəvət olunmuşdu. Amma onlar bu təklifdən imtina etmişdilər.
Öncə onu deyək ki, erməni icmasının Bakıya gəlmələrindən imtina etməsi onların destruktiv mövqelərinin təzaharüdür. Əgər ikinci təklif də qəbul olunmazsa, bu barədə qənaət qətiləşəcək. Beləliklə, Qarabağdakı ermənilər vətəndaşlığımızı qəbul etmək istəmədiklərini, Azərbaycanla dialoqda maraqlı olmadıqlarını konkret olaraq nümayiş etdirmiş olacaqlar.
Qarabağ həm tarixi, həm hüquqi, həm də siyasi cəhətdən Aəzrbaycan ərazisidir. Biz bunu dəfələrlə bildirmişik. Deməli, ermənilər Qarabağda qanunsuz yaşayırlar. Bununla bağlı olaraq rəsmi Bakı Qarabağdakı ermənilərə 2 seçim təklif edib: ya vətəndaşlıqlarımızı qəbul etməli, ya ərazimizdən çıxmalıdırlar. Üçüncü alternativ isə olmayacaq.
Həmçinin rəsmi Bakı bildirib ki, Qarabağdakı ermənilər vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə onlara heç bir frəq qoyulmayacaq, digər vətəndaşlarlar üçün yaradılan şərait Qarabağ ermənilərinə də yaradılacaq.
Əlbəttə, biz ermənilərin Qarabağda qanunsuz yaşamalarına davam etmələrinə göz yummayacağıq. Biz öz maraqlarımız naminə müvafiq addımları atacağıq.
Qarabağdakı ermənilərin orada qanunsuz yaşamalarına şərait yaradan əsas məsələlərdən biri də torpaqlarımızdakı erməni terrorçularının mövcudluğudur. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinə zidd olaraq terrorçular hələ də Qarabağdan çıxarılmayıb. Ona görə də oradakı ermənilər özlərini təhlükəsiz hiss edərək qanunsuz yaşamağa davam edirlər.
Sözsüz ki, bizim gözləməyə vaxtımız yoxdur. Bu cür destruktiv mövqe davam edərsə, Azərbaycan öz maraqları naminə Qarabağda anti terror əməliyyatları keçirə bilər. Terrorçular Qarabağdan çıxarılarsa, oradakı erməni sakinlər də durumu real qiymətləndirəcəklər.
Onu da deyək ki, ermənilərin Qarabağdakı mövcudluğu regiondakı təsir güclərini qorumaq istəyən güclərin maraqlarına uyğundur. Qarabağdakı sülhməramlıların ermənilərin qanunsuz hərbi daşımalarına şərait yaratması göstərir ki, Rusiya da bu məsələdə maraqlıdır.
Qarabağdakı emənilərin rəsmi Bakının təklifini qəbul etmələri və reinteqrasiya prosesində fəal iştirak etmələri ən çox onların özlərinə lazımdır. Qarabağdakı ermənilər bu yolla gələcəklərini xeyli yaxşılaşdıra bilərlər. İndiki halda onların gələcəyi sual altındadır. Çünki qondarma rejim və Ermənistan hərbi- siyasi hakimiyyəti müstəqil siyasət yeritməkdən məhrumdur, onlar Qarabağdakı ermənilərdən alət kimi istifadə edirlər. Bu isə o deməkdir ki, sözügedən rejimlərdən nə isə ummağa dəyməz.
Kənan Novruzov
İnterpress.az