ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Ukrayna əks-hücum əməliyyatları nəticəsində rus qoşunlarını ölkədən çıxara biləcək. Bildirilib ki, Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları Kremlə öz resurslarını bərpa etməyə mane olacaq və Rusiyanın hücum potensialı zəifləyəcək.
Analitiklər iddia edir ki, Kremlin sürətli müharibə iflasa uğrayıb: “Rusiyanın hərbi potensialını bərpa etmək imkanı məhduddur. Kreml Ukraynanı kifayət qədər resurs sayəsində zəbt etdi və əvəzində cüzi qazanc əldə etdi. Kreml öz qüvvələrini bərpa etməyə çalışır. Amma buna tam nail ola bilmir”.
Məlum olduğu kimi, Ukrayna xeyli müddətdir əks-hücum əməliyyatlarının başlayacağı barədə anons verir. Ukrayna Prezidenti Volodimir Zelenski və digər rəsmilər dəfələrlə bu barədə danışıblar.
Qərbdən verilən açıqlamalara görə isə ABŞ və müttəfiqləri ehtimal edilən əks-hücum əməliyyatları barədə məlumatlıdırlar. Qərb bu məsələdə Kiyevi dəstəkləyəcəyini bildirib.
Əvvəllər də dediyimiz kimi, Ukraynanın əks – hücum əməliyyatlarının ləngidilməsinin əsas səbəblərindən biri, ola bilsin, Kiyevlə Vaşinqton arasındakı fikir ayrılıqları, həmçinin birinci tərəfin ikinciyə tam güvənməməsidir. Çünki əks-hücum əməliyyatlarının effektivliyi xeyli dərəcədə ABŞ-ın Ukraynaya dəstəyinin tempindən asılıdır. Vaşinqton Kiyevi sonadək və lazımi səviyyədə dəstəkləməzsə, əks-hücum əməliyyatlarının ciddi nəticə verəcəyi ehtimalı, şübhəsiz ki, sual altına düşəcək.
Həmçinin, ola bilsin, ABŞ da Ukraynanın döyüş hazırlığından əmin deyil. Mümkündür ki, Vaşinqton dəstəyinin puça çıxacağından narahatdır. Lakin birinci ehtimal daha realdır.
Yayılan məlumatlar, proqnozlar, əlbəttə, həm də informasiya müharibəsinin tərkib hissəsidir. Bu mənada ABŞ İnstitunun yaydığı məlumatın ictimi rəyin formalaşmasına xidmət etdiyini unutmamalıyıq. Buna baxmayaraq, əks- hücum əməliyyatlarının, həqiqətən, uğurlu olacağı gözləniləndir.
Məsələ burasındadır ki, Qərb analitiklərinin iddia etdiyi kimi, Rusiyanın resursları, həqiqətən, tükənir. Rusiyaya dəstək verə biləcək ölkələr isə barmaqla sayıla biləcək qədər azdır. Bu dövlətlər xüsusilə İran və Çindir. Hərçənd onlar da Qərbin arta biləcək təzyiqlərinə görə ehtiyatlı davranırlar. Amma Ukraynaya dəstək dayanmadan davam edir.
Ukrayna rəsmiləri daha əvvəl bildiriblər ki, müharibə bu il başa çata bilər. İlin sonuna təxminən 6 ay qalıb. Bu isə o deməkdir ki, Kiyev əks – hücum əməliyyatlarına başlamaq üçün vaxt itirməməlidir.
Müharibənin taleyini həll edə biləcək siyasi aktor ABŞ – dır. Çox şey ehtimal edilən əks-hücum əməliyyatları başlayandan sonra Vaşinqtonun özünü necə aparmasından asılıdır.
Fikrimcə, Ağ ev savaşın mümkün qədər, daha doğrusu, Rusiya idarə olunan duruma salınanadək uzanmasında maraqlıdır. İkinci bir tərəfdən Ağ ev başa düşür ki, Rusiya tam çıxılmaz vəziyyətə düşdüyünü anlayanda nüvə silahından istifadə edə bilər. Bu, Qərbə sərf etmir. Ona görə Vaşinqtonun Kiyevə hərbi dəstəyi gah arta, gah azala bilər. Çox güman, Ukraynanı narahat edən də məhz budur. Zelenski Silahlı Qüvvələr əks hücum əməliyyatlarına başlayandan sonra yarı yolda qalmaq istəmir. Ancaq dediyimiz kimi, əməliyyatlar ən yaxın zamanda başlamalıdır. Çünki hazırda vaxt Kiyevin əleyhinə işləyir. Rusiya ordusu gərgin döyüşlərin davam etdiyi Baxmut şəhərində tədricən möhkəmlənməyə çalışır. Ukrayna Rusiya Baxmuta nəzarəti tam təmin etmədən əks- hücum əməliyyatlarına başlamalı və qarşı tərəfi şəhərdən çıxarmalıdır.
Hazırkı mərhələdə müharibənin sonu görünmür. Amma əks- hücum əməliyyatlarından çox şey asılıdır. Bu əməliyyatların nəticəsi həlledici ola bilər.
Kənan Novruzov
İnterpress.az