Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla növbəti qəsdən təxribat törədib. Nəticədə ərazidə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında gərginlik yaranıb. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub.
Əslində bu sabotaj gözlənilən idi. Məlum olduğu kimi, Azərbayca xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən dörd günlük görüş uğurlu olmuşdu. C. Bayramov da müzakirələri sülh istiqamətindəki növbəti addım kimi qiymətləndirmişdi.
Əvvəllər də dediyimiz kimi, Rusiya xüsusilə ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının keçirilməsində maraqlı deyil. Bu, rəsmi Moskvanı narahat edir. Odur ki, Rusiya şərti sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır. Çünki bu kimi hallar danışıqlar perspektivini azaldır.
Biz oxşar ssenarini əvvəllər də görmüşük: “Sular durulana” yaxın təxribat törədilib. Beləliklə, danışıqlarla bağlı proses yenidən əvvələ qayıdıb.
Maraqlıdır ki, təxribatlar Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən və Prezident Vladimir Putindən görüşündən sonra baş verib. Bu, gərginliyin Moskvadan idarə olunmasına dair şübhələri artırır.
Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü gözlənilir. Həmçinin nazirlərin də növbəti dəfə görüşü planlaşdırılır. Şərti sərhəddəki gərginlik isə həmin görüşlərin perspektivini bəri başdan aşağı salır.
Hazırda sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki sərhədlər hələ müəyyənləşməyib. Bu isə o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq sərhədləri özü məyyənləşdirə bilər. Unutmaq olmaz ki, bu gün Ermənistan dövlətinin mövcud olduğu torpaqlar, o cümlədən İrəvan və Zəngəzur da tarixi Azərbaycan əraziləridir. Ermənistan hərbi-siyasi hakimiyyəti bu faktı yaddan çıxarmamalıdır.
Odur ki, rəsmi İrəvan ehtiyatlı olmalı, məntiqli davranmalıdır. Ermənistan başqalarının maşası olmaqla sülh gündəliyindən uzaqlaşır. Bu isə ən çox onun özünə ziyandır.
Kənan Novruzov
İnterpress.az