Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün açılışında iştirak etdiyi Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında məlumat verilib.
Qeyd olunub ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.
Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək.
İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.