Qanlı 20 yanvar faciəsi ilə əlaqədar Milli Azadlıq Hərəkatının liderlərindən olmuş, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 1990-cı ilin fevralında qələmə aldığl “And yerimiz” yazısını ixtisarla təqdim edirik.
Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 Yanvar fəlakətindən sonra dilimdən qopan ilk söz budur! İlk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!
Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də mənəvi gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur bir xalq qalıb! Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq! Bir söz deyə biliriksə, ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..
Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu həqiqət idi: Xalqımın qanı tökülmüşdür! Göz yaşı yağışı altında, gül-çiçək ümmanında ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən al-qırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: Uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!..
Bu milləti millət eləyən, min illərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil. Onları millətin taleyi doğub.
Bakının o ağır, qanlı günlərini görəndən sonra özümüzü sanki yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Şeyx Məhəmməd Xiyabanilərin, Məmməd Əmin Rəsulzadələrin, Üzeyir bəylərin, Cavidlərin hamısının mənəvi gücdən yarandığı indi mənə aydın oldu.
Bugünkü “zəifliyini” özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bəzəyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.
Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanının, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil “açmışdı”. Sanki Azərbaycan torpağının özü köksündən yaralanmışdır və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı…
Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şəhidlər Xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.
Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: “Mənim bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm. Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir”. Anaları bu cür düşünən xalq da xoşbəxtdir!
…Dəfn günü Şəhidlər Xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara doğru çevirdi. Kimsə əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonar xiyabandakıların qara geyimi görünməz oldu, sanki bir dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül “örpəyi” çəkmişdilər! Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudur – xalq dediyimiz!..
Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca yerində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə 1990-ci ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşuq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir “qulaqburması” verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..
…Ola bilsin ki, bu fəlakətin qarşısını almaq və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə düşmən ehtirası ilə tank sürüləcək, ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və “barrikadalar” – silahlanmış düşmən cəhbəsi kimi “qəhrəmanlıqla” ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək? Kimin ağlına gələrdi ki, ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə “arxayın olun, ordu Bakıya girməyəcək!” – deyənlər bir gün sonra “öz vəzifələrini yerinə yetirib”, yəni, respublikanın rəhbərliyini kənarlaşdırıb, Bakını ağlar qoyacaqlar? Kimin ağlına gələrdi ki, ölkəni xarici düşmənlərdən qorumalı olan ordu öz vətəndaşlarına qarşı bu qədər amansız ola bilər?
…20 Yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirdik. Onu da bildirdik ki, Sumqayıt kimi, Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı. Yanvarın 13–14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub…
…SSRİ Ali Sovetinin sonuncu sessiyası bir daha göstərdi ki, bizə qəzəbli münasibəti, əleyhimizə işləyən güclü təbliğat maşınını qırmaq o qədər də asan deyil. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə də, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin o arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.
Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birilə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, “istefa” tələbi narahatlıq doğurursa – bu tələbi Moskvadan başlamış ölkənin hər yerində eşidirik. Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvətcə silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə olunan tərəfdə yox. Kiminsə ağzından “islam respublikası” sözünün çıxması bəhanə olubsa, onda gərək “xristian monarxizmi” tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı.
Bu bəhanələrin heç biri 20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. “Azərbaycanlılara dərs vermək” planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqeyi tutması – hamısı eyni zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür.
Nəhayət, bir-iki kəlmə də milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlər ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb? Sakitlik istəyiriksə, fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif yerlərindən, mərkəzdən üfürülüb közərdilir.
* * *
Şəhidlər Xiyabanında bir həqiqət də gördüm. Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır.
And yerimiz – onlardır!
And yerimiz – xalqdır!
Fevral, 1990