Dənizkənarı Bulvar İdarəsinin yeni sədri kollektivə təqdim olunubbackend

Dənizkənarı Bulvar İdarəsinin yeni sədri kollektivə təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib.

İnterpress.az  xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiyyətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks etdirən möhtəşəm kompleks, sakinlərimizin və qonaqlarımızın ən çox üz tutduqları gəzinti və istirahət yerlərindən biri olduğunu bildirib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsində dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 10-da imzaladığı Fərmanla yaradılmış Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən qurumdur. Bu vəzifələrin səmərəli şəkildə icrası üçün daha əzmlə, məsuliyyətlə çalışmağın vacib olduğunu diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına uğurlar arzulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 29-da imzaladığı müvafiq sərəncamla Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.