Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə Baltikyanı ölkələrə hücum edəcəyi ilə bağlı bəyanatlar “absurddur” Lavrov paytaxt Moskvada xarici missiya nümayəndələri ilə ölkədəki vəziyyətlə bağlı “dəyirmi masa” formatında görüş keçirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Görüşdə Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç də iştirak edib.
Burada çıxış edən Lavrov Qərb ölkələrinin Ukraynaya maliyyə dəstəyi verdiyinə diqqət çəkərək deyib ki, Qərb indiyə qədər 200 milyard dollardan çox vəsait ayırıb.
Ukraynanın Qərbin tədarük etdiyi silahları başqa ölkələrə göndərdiyini və bundan pul qazandığını iddia edən Lavrov deyib: “Silahlar bütün dünyaya yayılır. Qərbin Ukrayna rəhbərliyinə verdiyi silahlar təkcə münaqişə bölgələrində deyil. Bu Hollandiya və Qəzza zolağında da aşkarlanıb. Qərb buna məhəl qoymur”.
Qərb ölkələrinin Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gələcəyi təqdirdə Baltikyanı ölkələrə hücum edəcəyi barədə açıqlamalarını dəyərləndirən Lavrov ABŞ prezidenti Co Baydenin də oxşar bəyanatlar verdiyinə diqqət çəkib.
O, sözügedən açıqlamaların “cəfəngiyyat” olduğunu vurğulayıb. Lavrov bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində bəyan etdiyimiz tarixi və məqsədləri anlayan hər kəs bu cür açıqlamaların absurd olduğunu anlayır.
Ukrayna prezidenti Vladimir Zelenskinin “Sülh formulu” təşəbbüsünü dəyərləndirən Lavrov deyib ki, bu, “dalan sona gedən yoldur” və bu sənəddəki maddələr “cəfəngiyyatdır”.
Ukraynanın Belqorod vilayətində 65-i ukraynalı məhbus olmaqla 74 nəfərin olduğu Rusiya təyyarəsini vurmasına toxunan Lavrov hadisə ilə bağlı istintaqın davam etdiyini və təyyarənin vurulduğu silahın hansı ölkə ilə aparıldığını bildirib.