Belçika UNRWA-ya maliyyə dəstəyini davam etdirəcəkbackend

Belçika UNRWA-ya maliyyə dəstəyini davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Baş nazirinin müavini Petra De Sutter ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Belçika Baş nazirinin müavini Petra De Sutter ölkəsinin UNRWA-ya maliyyə dəstəyi verməyə davam edəcəyini açıqlayıb və UNRWA-nın Qəzzaya təcili və həyati humanitar yardımların verilməsində əvəzsiz rol oynadığını söyləyib.

Belçikanın BMT-nin apardığı təhqiqatı yaxından təqib edəcəyini bildirən De Sutter, UNRWA-dan “tam” şəffaflığın təmin edilməsinin istəniləcəyini də bildirib. Belçikanın Xarici İşlər Naziri Hadja Lahbib sosial şəbəkədəki paylaşımında, “UNRWA ilə bağlı son açıqlamalar ciddi və narahatedicidir. İstintaq prosedura uyğun aparılmalı və bütün məsələlər aydınlaşdırılmalıdır. Belçika əziyyət çəkənlərə dəstəyini davam etdirəcək.

BMT-yə üzv dövlətlərin könüllü töhfələri ilə maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başladığı gündən fələstinli qaçqınlara qida, sağlamlıq, təhsil və sığınacaq kimi humanitar yardımlar göstərən əsas təşkilatdır.

Agentlik 5,9 milyon fələstinli qaçqına dəstək verir. 74 ildir fələstinlilərin yaralarını sağaltmağa çalışan UNRWA-nın obyektləri İsrail tərəfindən dəfələrlə vurulub və bu prosesdə tonlarla ərzaq və dərman məhv edilib.

BMT-nin Baş katibi Antonio Quterreş 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının əli olması ilə bağlı İsrail rəsmilərinin iddialarının təcili araşdırılmasını tələb etmişdi. UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Almaniya, İsveç, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya UNRWA-ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırmaq qərarına gəldiklərini açıqlayıblar.

Norveç, İrlandiya və İspaniya UNRWA-ya dəstəyini davam etdirəcəklərini açıqladılar.