Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir.
Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi çaşdırmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi. Bir məqam unudulmamalıdır ki, Prezident İlham Əliyev hər zaman türk-müsəlman dünyasının hüquqlarını qoruyub və qarşıdakı dönəmdə də öz siyasi xəttinə sadiq olması təbiidir.
Bu mənada, Türk Dövlətləri Təşkilatının yaranması və yeni inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycanın, dövlət başçısının fəaliyyəti xüsusilə vurğulanmalıdır. Həmin siyasi kursun nəticəsidir ki, bu gün Şərq ilə Qərb arasındakı münasibətlərin inkişafında türk faktoru mühüm yer tutur – Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə ümumilikdə, Şərq-Qərb bağlantısının əsas ana xəttini təşkil edir.
Vətən müharibəsindən sonra bu proses daha da sürətləndi. Prezident İlham Əliyevin bir müddət öncə qarşıdakı dövrü “Türk əsri” adlandırması məhz bu məntiqə söykənirdi.Ümumiyyətlə, türk dünyasının hərbi-siyasi-iqtisadi baxımdan bir güc halına gəlməsi illərdir qurulan plandır. Əliyev bu layihənin reallaşması üçün əlindən gələni edir. Bakı üçün türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi və Türk Dövlətləri Təşkilatının-güclənməsi əsas məsələdir. Azərbaycan türk dünyasında ən öncül ölkələrdən biridir. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bu məsələdə aparıcı qüvvə kimi çıxış edirlər.
Bu iki liderin siyasi gücü imkan verir deyək ki, Türk Dövlətləri Təşkilatı bütün mənalarda dünyanın güclü birliklərindən biri olacaq. Bu, təbii meyarlarla bağlıdır. Türk dünyasına münasibət zamanın tələbidir. Çünki bu xalqların kökü eynidir və bütün sahələrdə bir-birinə möhkəm bağlarla pərçimləniblər. Dil, din və köklərinin eyni olması türk dövlətlərinin bir-birinə təbii tellərlə bağlı olduğunu deməyə əsas verir.
Ölkə başçısının andiçmə mərasimindəki çıxışında bu məsələni prioritet kimi qeyd etməsi artıq bu ideyanın xüsusi proqramı olduğunu və dövlətlərin mövqeyini göstərdi.
Biz yaxın zamanlarda türk dünyası və Türk Dövlətləri Təşkilatının daha da inkişaf etməsi, yeni çağırışları və qlobal anlamda yeni uğurlu gücün formalaşmasına şahidlik edəcəyik.Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı vasitəsilə Orta Asiyada aktiv bir dövr olacaq, yenidən Asiya təşəbbüsü davam etdiriləcək və Türk Cümhuriyyətləri ilə əlaqələr yeni müstəviyə daşınacaq. Beynəlxalq sistemin gərginləşdiyi, regionun normallaşdığı bir vaxtda Azərbaycan və Türkiyə bu ikisini birləşdirən yanaşmanı mənimsəyərək beynəlxalq statusunu daha da möhkəmləndirəcək.Bu birlik zamanın tələbidir.
Təmzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri.