Beynəlxalq təşkilatlar Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini yüksək qiymətləndiribbackend

Beynəlxalq təşkilatlar Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Görülən tədbirlərin müsbət təzahürləri beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. Belə ki, Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) bu ilin fevral ayında açıqladığı hesabatda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin qarşısının alınması və araşdırılması kriteriyası üzrə ölkəmizin əldə etdiyi nəticələr yüksək dəyərləndirilib”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev bildirib.

Onun sözlərinə görə, hesabatda Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsi və bu sahədə qurduğu beynəlxalq əməkdaşlıq münasibətlərinin səviyyəsi effektiv qiymətləndirilmiş, terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqının uğurla aparıldığı qeyd olunub:

“Həmçinin nüfuzlu beynəlxalq təşkilatların, aparıcı institutların və beyin mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının daim istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatlarının tərtibçiləri də ölkəmizin təhlükəsizliyin təmin olunması istiqamətində uğurlu fəaliyyətinə nəzər yetirib və cari ilin mart ayında dərc olunmuş “Global Terrorism Index 2024″ hesabatında Azərbaycan terror təhlükəsinə görə dövlətlərin reytinq cədvəlində ən təhlükəsiz ölkələr sırasında qərarlaşıb və respublikamızın terrorizmlə mübarizədə əhəmiyyətli nəticələrə nail olduğu nümayiş etdirilib”.

DTX rəisi vurğulayıb ki, qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə icrası məsələsində xarici tərəfdaşlarla qurulmuş səmərəli və sıx münasibətlər çox böyük önəm kəsb edir: “Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünya ölkələrinin 100-ə yaxın xüsusi xidmət orqanı ilə beynəlxalq terrorçuluğa və onun maliyyələşdirilməsinə, transmilli mütəşəkkil cinayətkarlığa, kəşfiyyat-pozuculuq fəaliyyətinə, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa qarşı mübarizənin aparılması istiqamətində faydalı əməkdaşlıq edir. Belə ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası, Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransı, həmçinin digər beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda işgüzar əlaqələr qurulub”.

“Xüsusilə qeyd etmək lazımdır ki, ötən ilin müvafiq olaraq may və oktyabr aylarında ölkəmiz təhlükəsizlik sahəsi üzrə iki beynəlxalq tədbirə – MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasına və 20-dən artıq xarici ölkənin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda ilk dəfə keçirilən Bakı Təhlükəsizlik Forumuna ev sahibliyi etmişdir. Bu tədbirlərdə beynəlxalq təhlükə və təhdidlərlə mübarizədə səylərin birləşdirilməsi, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb, önəmli qərarlar qəbul olunaraq vacib sənədlər imzalanıb”, – Ə.Nağıyev əlavə edib.