2023/24 mövsümü Misli Premyer Liqasının qalibi bu həftə müəyyənləşə bilər.
Yenicag.az xəbər verir ki, sabah 28-ci turda lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz”lə qarşılaşacaq. Ağdam təmsilçisi qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq.
Qeyd edək ki, 27 turdan sonra “Qarabağ”ın 66, ikinci və üçüncü yerlərdə qərarlaşan “Sabah”la “Neftçi”nin isə 40 xalı var. Qurban Qurbanovun komandasının və onun ən yaxın izləyicilərinin növbəti turda qələbəsi təqdirində çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdir ki, “Qarabağ” hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Ağdam klubu üçün ən pis halda yekunda liderlə ikinci pillə arasında xal fərqi cəmi 2 olacaq (69 və 67).
Bundan başqa, “Kəpəz”lə oyunda mümkün heç-heçə də “Qarabağ”ı çempion edir. Bu halda Ağdam klubunun 67-i xalı olacaq. Sonrakı bütün oyunlarda “atlılar” uduzsa və ikinci pilllədəki komanda bütün görüşlərdə qələbə qazansa, yekunda xallar bərabərləşəcək. Azərbaycan çempionatının əsasnaməsinə görə, liderlə ikinci yer arasında xal fərqi bərabər olarsa, qalib şəxsi oyunlardakı göstəriciyə əsasən müəyyənləşir. Bu mövsüm isə “Qarabağ” şəxsi oyunlarda həm “Neftçi”dən (3 oyun, 3 qələbə), həm də “Sabah”dan üstün olub (3 oyun, 2 qələbə, 1 heç-heçə).
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı martın 29-u, saat 19:00-da başlanacaq. Turun digər oyunlarının təqvimi isə belədir:
29 mart
16:30. “Qəbələ” – “Neftçi”
30 mart
16:30. “Səbail” – “Turan Tovuz”
19:00. “Sabah” – “Zirə”
31 mart
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
interpress.az