Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 il sonra İraqa etdiyi səfər və səfər zamanı imzalanan 30-a yaxın hökumətlərarası sazişdən bəzilərinin detalları məlum olub. Belə ki, İraq Sərhəd Qoşunları 30 ildən sonra ilk dəfə Türkiyə sərhədindəki Zaho rayonunda iki hərbi baza qurub. Bundan başqa İraqla bağlanan müqaviləyə görə türk ordusu İraqla sərhəd boyunca 300 km, dərininə isə 40 km bir ərazini qalıcı olacaq şəkildə istifadə edə biləcək. Başqa sözlə desək, Türkiyə həm də bu ərazilərdə hərbi baza yaratmaq imkanı əldə edib.
Əldə edilən razılaşma həm Türkiyə, həm İraq, həm də Kürdüstan müxtariyyəti üçün müsbətdir:
Birincisi, Zaho rayonunda qurulan iki hərbi baza mühümdür. Belə ki, iki ölkə PKK, PYD və YPG, habelə radikal qruplaşmaların fəaliyyətindən narahatdır. PKK-nın əsas bazaları Hakurk, Metina, Qara və Zaho rayonlarında yerləşir. Yəni Zaho rayonunda qurulan iki hərbi baza və Türkiyə ordusunun bu rayonlarda rahat hərəkət edəcək olması faktiki olaraq əraziyə Ankara və Bağdadın nəzarət etməsini təmin edəcək.
İkincisi, regiondakı əksər dini radikal silahlı birləşmələri İran maliyyələşdirir. Rəsmi Ankara və Bağdad Tehranın bu fəaliyyətlərindən ciddi narahatdır. İraqın şimalı isə bu silahlı birləşmələrə Tehranın yardım daşıdığı əsas regiondur.
Əraziyə Türkiyə və İraqın birlikdə nəzarət etməsi Suriya, Livan və Fələstindəki radikal qruplaşmalara edilən yardımlara həm nəzarət imkanı yaradacaq, həm də lazım gəldikdə qarşısını almaq.
Üçüncüsü, İraq təbii qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaq və əlavə gəlir əldə etmək istəyir. Ankara da bu məsələdə maraqlıdır. Bu razılıqla ərazisinin təhlükəsizliyi təmin ediləcək və terror təşkilatlarına zərbə vurulacaq. Yəni gələcəkdə yeni layihələrin icrası mümkün olacaq.
Mümkündür ki, Türkiyə gələcəkdə bənzər razılaşmanı Suriya ilə də əldə etsin. Tərəflər arasında son zamanlar qeyri-rəsmi səviyyədə də olsa təmaslar qurulur. Münasibətlərin normallaşması fonunda bu istiqamətdə razılıq əldə edilə bilər.
Müəllif: Politoloq Turan Rzayev