Ermənistandakı Təpəbaşı məhəlləsi ilə bağlı Azərbaycan cəmiyyətində həmsə narahatçılıq var. Başdan ayağa qədər məhv elirlər, dağıdırlar. Ora azərbaycanlıların sıx yaşadığı məhəllələrdən biri olub. Ermənilər də çalışırlar ki, orada azərbaycanlıların izini itirsinlər. Onların sonuncu vəhşiliyi, yəni məscidi kafeyə çevirmək, doğrudan da heç bir ölçüyə sığmır. Yəni ermənilər tam Allahsız və vicdansız bir mövqe tuturlar.
Bu fikirləri vaxtilə azərbaycanlıların yaşadığı, qurub-yaratdığı İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsindəki eyniadlı məscidin ermənilər tərəfindən kafeyə çevrilməsinə münasibətini İnterpress.az-a bildirən “Azad Vətən Partiyası”nın sədri Akif Nağı səsləndirib.
Siyasətçi ermənilərin bu hərəkətini vandalizm, vəhşilik adlandıraraq onlardan bundan artıq heç nə gözləmədiyini qeyd edib.
“Azərbaycan cəmiyyətinin bu məsələ ilə narahatçılığı başa düşüləndi. Mən hesab edirəm ki, onların etdiyi vandalizmə oxşar addım atmaq olmaz. Yəni hər millətin özünün xüsusiyyətləri var.
Azərbaycan milləti sivil qaydada mübarizə yolunu seçib, hətta müharibədə də Azərbaycan heç kəsin göstərmədiyi humanizmi göstərdi.
Azərbaycanın Ermənistana qarşı apardığı İkinci Qarabağ müharibəsində, ondan sonraki antiterror lokal, antiterror əməliyyatı zamanı, demək olar ki, dinc əhaliyə zərər dəymədi. Amma dünyada gedən müharibələrin tarixi göstərir ki, hətta İkinci Dünya müharibəsində 60 milyona yaxın insan həlak olubsa, onun 30 milyonu dinc əhali, 20 milyonu əsgərlər idi.
Bunu müqayisə üçün deyirəm. Yəni belə müharibələrdə dinc əhalini qorumaq mümkün olmur. Amma Azərbaycan bu mənada da çox dəqiq, səlis müharibəsini aparmışdı. Burada da azərbaycanlılar millət olaraq mövqeyini sərgiləşmişdi. Ermənilər özlərini vəhşi kimi göstərirlər və vəhşidirlər, vandaldırlar, amma azərbaycanlılar onların elədiyini təkrar etməməlidir və etmir.
Onların burada kilsəsi var, o kilsə Azərbaycan dövləti tərəfindən qorunur, diqqətdə saxlanılır. Onların Azərbaycan məscidinə qarşı etdiyi hərəkətlərə uyğun hərəkət etmək, məncə, doğru olmaz”, – Akif Nağı deyib.
O, ermənilərin bu vandallığının qarşısını almaq üçün hansı addımların atılmalı olduğunu açıqlayıb.
“Sadəcə, dövlət səviyyəsində addımlar atılmalıdır, beynəlxalq təşkilatların qarşısında məsələ qaldırılmalıdır.
Birinci növbədə UNESCO-nun qarşısında məsələ qaldırılmalıdır ki, missiya təşkil etsinlər. Getsinlər, yoxlasınlar və həmin tarixi abidənin, Azərbaycanın mənəviyyəti ilə, mənəvi dəyərləri ilə, dini ilə bağlı olan abidənin qorunması üçün lazımlı tədbirlər görsünlər. Yəni rəsmi qaydada müraciət olunmalıdır.
İkincisi, ictimaiyyət səviyyəsində ermənilərin bu vandalizmini ifşə edən proseslər getməlidir, bütün beynəlxalq təşkilatlara müraciətlər olmalıdır.
Xaricdə diaspor təşkilatları tədbirlər keçirməlidirlər və digər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini məsələyə cəlb etməlidirlər ki, ümumi bir beynəlxalq ictimai rəy yaransın.
Ermənistanın bu vəhşi hərəkətlərinə qarşı yaranan ümumi rəy onların öz mövqələrindən geri çəkilməsinə səbəb ola bilər. Hesab edirəm ki, təxminən bu istiqamətdə addımar atılarsa, nəticəsi olar”, – siyasətçi vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az