Hindistanda vəhşi fil alman turisti dişi ilə öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli “The Times of India” (TOI) nəşri məlumat yayıb.
Hindistanın Anamalai Pələng Qoruğunda (Tamil Nadu ştatı) vəhşi fil Almaniyadan gələn 77 yaşlı turistə hücum edərək onu öldürüb.
Bildirilir ki, təqaüdçü xəbərdarlıqlara məhəl qoymayıb və motosikleti ilə heyvanın yanından keçməyə cəhd edib.
Hadisə dünən axşam saatlarında baş verib. Alman səyyahı Mixael S. şosse ilə hərəkət edərkən onun yolunda bir fil peyda olub. Heyvanı görən sürücülər dayanaraq onun yoldan çıxmasını gözləyiblər. Lakin Mixael S. gözləməmək qərarına gəlib və təhlükəyə baxmayaraq, motosikleti yanaşı sürməyə çalışıb.
Qəzəblənən fil bunu təhdid kimi qəbul edərək motosikletçiyə hücum edib və onu motosikletdən düşürüb.
Ətrafdakılar qəzəblənmiş fili qovmaq üçün siqnal verməyə başlayıblar, lakin bu, heç bir nəticə verməyib.
Hadisə yerindən çəkilmiş videoda qurbanın bir müddət sonra yerdən qalxaraq motosikletinə yaxınlaşmağa çalışdığı görünür.
Bu zaman fil yenidən hücum edir, dişini adamın kürəyinə soxub onu havaya atır. Turist təcili xəstəxanaya çatdırılsa da, iki saat sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Hindistanlı müfəttişin sözlərinə görə, baş verənlərə görə adamın özü günahkardır: “O, xəbərdarlıqlara məhəl qoymamaq qərarına gəlib – və bu, faciəyə gətirib çıxarıb”.
Xuraman Etibarlı
İnterpress.az