2024-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi dəyəri 9 milyard 823,5 milyon manat olub.
İnterpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 30,2 % çoxdur.
Ötən il dövlət satınalmalarının 54,3 %-i və yaxud 5 milyard 334,8 milyon manatı bir mənbədən, 45,7 %-i və yaxud 4 milyard 488,7 milyon manatı müsabiqə əsaslı olub ki, bunlar da əvvəlki ilə nisbətən müvafiq olaraq 86,8 % çox və 4,3 % azdır.
İl ərzində elektron satınalmaların dəyəri 4,4 milyard manat təşkil edib ki, bu da ümumi satınalmaların 44,8 %-nə bərabərdir. Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95 %-dən çox olub.
Hesabat dövründə 9 811 müsabiqə əsaslı satınalma əsasında bağlanmış müqavilələrin 3 687-si açıq tender (4 milyard 274,7 milyon manatlıq), 6 105-i kotirovka sorğusu (125,3 milyon manatlıq), 19-u isə təkliflər sorğusu (88,7 milyon manatlıq) ilə həyata keçirilib.