Tənzilə Rüstəmxanlı: “Türk birliyini istəməyən böyük beynəlxalq təşkilatlar var”backend

Tənzilə Rüstəmxanlı: “Türk birliyini istəməyən böyük beynəlxalq təşkilatlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən burada Azərbaycan şivəsi ilə danışmağa üstünlük verirəm. Çünki istəyirəm ki, qulaqlarınız buna alışsın. Bizim məqsədimiz ortaq türkçəmizi inkişaf etdirməkdir”.

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan “Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı”nda çıxışı zamanı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

Millət vəkili çıxışında türk dünyasının mövcud problemləri və onun yolları ilə bağlı fikirlər səsləndirib:

“Əziz qardaşım Şamil Ayrımın həyəcanlı çıxışından sonra danışmaq çətindir. Çünki mən də çox duyğusal bir insanam və türk dünyasına könül vermişəm. Düşünürəm ki, türk dünyasına xidmət bir yoldur. Türk dünyasını bir-birinə bağlayan körpülərdir. Bu körpüləri tikənlər və salanlar sonunda dövlətlərin məqamlarına türk dünyası məfkurəsini daşıyırlar. Dövlətlərimiz borcu isə o yolun sonunda yaşanılacaq böyük sarayları inşa etməkdir”.

T. Rüstəmxanlı əlavə edib ki, bu gün sözügedən amal uğrunda onlar körpülər salırlar:

“Bu gün bu konfransı təşkil edənlərdən biri mənim çox yaxından tanıdığım, 30 illik iş birliyi içərisində olduğum əziz qardaşım Seyfullah Türksoydur. O, Azərbaycanın ən çətin günlərində Azərbaycanla və türk dünyası ilə bağlı 130 proqrama imza atmış jurnalistdir. Azərbaycanın ən çətin günlərində, hələ dövlətlərimiz arasında münasibətlər bu səviyyəyə çatmadığı bir dövrdə xalqın könüllü elçisi olaraq Azərbaycanımıza və türk dünyamıza xidmət edib”.

Deputatın fikrincə, hazırda önəmli olan əsas məsələ dövlətlərimizin bir-biri ilə münasibətləridir:

“Şamil bəyin də dediyi kimi, Qarabağ Zəfəri, əslində, türk dünyasının birliyi və bərabərliyinə gedən yol bir məşəl, ümid və işıq oldu. Bu ümidin adı Qarabağ zəfəridir. Türkiyə və Azərbaycan münasibətlərinin ən üst səviyyəsi Qarabağ Zəfərini gətirdi və bir türk torpağını türk millətinə qazandırdı. Qarabağ sadəcə Azərbaycanın problemi yox, həm də türk millətinin problemi idi”.

“Dövlətlərimizin həyata keçirdiyi siyasətlər və münasibətlər zaman-zaman dəyişə bilir. Amma bizim işimiz xalqımızın könlündə taxt qurmaq, türk millətinin yolunda körpülər salmaqdır. Bəzən dövlətlərimiz arasında soyuqluq ola bilər. Prezident İlham Əliyev Şimali Kiprlə bağlı dəqiq mövqe ortaya qoymuşdu. Onu bir kənara qoyaraq, Türkiyə və İsrailin Azərbaycanın müttəfiqi və dostu olmasını söyləməsi bir qaralama kampaniyasına səbəb oldu. Bu fitnəni aramıza soxmaq istəyirlər. Bizim QHT-lər kimi borcumuz odur ki, bu fitnələrin önündə dayanaq. Çünki türk dünyasına gedən yolda türk birliyini istəməyən böyük beynəlxalq təşkilatlar var”, – deyə o, söyləyib.

Milli Məclisin üzvü hesab edir ki, bir neçə türk dövlətlərinin bəzilərinin Kipr məsələsindəki yanaşması bir fitnədir:

“Ona görə də biz bu fitnələrin önündə türk milləti olaraq durmalıyıq. Dövlətlər öz maraqları naminə hərəkət edərlər. Ancaq biz bir millət olaraq tək amala xidmət etməliyik ki, bu da türk millətin maraqları və türkün siyasətidir. Bizim işimiz türk millətinin varlığı, birliyi, bərabərliyi üçündür. Bizim siyasətimiz sizinlə birlikdə böyük Atatürkün dediyi kimi sadəcə “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” demək yerinə, türk millətinin kədəri bizim kədərimizdir deməliyik”./Yenicag.az