Suriyada nizamlanma prosesi TƏHLÜKƏDƏ: İsrailin müdaxiləsi və Türkiyənin mövqeyi – ŞƏRHbackend

Suriyada nizamlanma prosesi TƏHLÜKƏDƏ: İsrailin müdaxiləsi və Türkiyənin mövqeyi – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya prezidenti Əhməd əş-Şəraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və döyüşməyə hazır olduğunu bəyan edib.

Suriya prezidentinin açıqlaması beynəlxalq ictimaiyyətdə narahatlıq və suallar yaradıb, Maraqlıdır, Suriyanın İran kimi ölkəni 12 günə az qala darmadağın edən İsraillə savaşmağa gücü çatarmı?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimiusa İbrahimov cavablandırıb.

O bildirib ki, İsrailin Suriyaya bu cür hücumu gözlənilmirdi və bu hadisələr Suriyanın yenidən qurulmasına, inkişafına ciddi mane olur.

“Əlbəttə ki, Suriyada başlayan proseslər yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edir. Düşünülürdü ki, artıq Suriyada Bəşər Əsəd rejimi süquta  getdikdən sonra vəziyyət normallaşır və bundan sonra Suriya dinc quruculuq işinə, o cümlədən dövlət quruculuğu işinə başlayacaq.

Amma 2 gün bundan öncə orada baş verən hadisələr Suriyadakı nizamlanma prosesi, yaxud da ki, sülhyaratma prosesi hələ uzun müddət davam edəcəyi qənarətinə gətirir. Belə ki, Suriyada baş verən hadisələr orada millətlərarası münasibətlərin hələ də lazım olan səviyyədə nizamlanmadığını göstərir.

Suriyanın keçid prezidenti və keçid hökuməti bu istiqamətdə ciddi işlər görməlidir və bu təkcə Suriyadan asılı olan məsələ deyil. Suriyada olan bu prosesləri Suriya öz daxili imkanları hesabına həyata keçirməkdə acizdir və digər dövlətlərin də bu məsələdə yardımına ehtiyacı var.

Təbii ki, bəzi dövlətlər bu məsələdə, daxildə baş verən proseslərin yoluna qoyulması sahəsində Suriyayla əməkdaşlıq etməyə və ona yardım etməyə hazırdır. Xüsusən də, Türkiyəni biz burada misal göstərə bilirik.

Bildiyimiz kimi, Türkiyə əvvəldən axıra qədər Suriyanın indiki hakimiyyətinin yanındadır və burada başlayan proseslərdə Suriya hökumətinə yardım əlini uzadır.

Amma İsrailin müdaxiləsi və Suriyaya hücumu, hərbi obyektlərinin atəşə tutulması müəyyən məsələlər haqqında fikir yürütməyə imkan verir ki, bu, bir qədər uzun çəkəcək.

Təbii ki, İsrailin bu qədər müdaxiləsi, yəni bu intensivliklə müdaxiləsi gözlənilmirdi və ona hesab olunurdu ki, İsrail də müəyyən mənada Suriyada baş verən hadisələrin yoluna düşməsinə yardım etmək istiqamətində addımlar atmalıdır.

Amma İsrailin druzları müdafiə etmək adı altında Suriyanın obyektlərinə hücum etməsi ona göstərir ki, müəyyən mənada İsrailin indiki Suriya hökumətindən müəyyən tələbləri var.

Mütəxəssislər hesab edirlər ki, İsrailin əsas məqsədi Suriyada baş verən prosesləri özü istədiyi istiqamətə yönəltməkdir”, – siyasi şərhçi vurğulayıb.

Daha sonra politoloq qeyd edib ki, Suriya İsraillə qarşılaşmaq gücündə deyil və bu halda Türkiyənin köməyinə ehtiyac yaranacaq.

“Heç şübhəsiz, İsrailin bu müdaxiləsi Suriyada baş verəcək quruculuq işlərinə mane olur və orada həyatın normal yola düşməsinə şərait yaratmır.

Belə olan halda Suriya İran kimi İsraillə üz-üzə gəlmək imkanlarına malikdirmi?

Təbii ki, xeyr. Suriya bu gün İsraillə üz-üzə gəlmək imkanlarına malik deyil və bu məsələyə də heç fikir vermir. Yəni bu gün Suriya İsraillə müharibə aparmaq fikrindən çox uzaqdır, baxmayaraq ki, Türkiyə müəyyən mənada kömək edir.

Suriya indiki halda nə etməlidir? Təbii ki, beynəlxalq təşkilatların, o cümlədən, dünya dövlətlərinin yardımından istifadə etməlidir və yardım üçün onlara müraciət etməlidir. Beynəlxalq ictimaiyyət bu məsələdə Suriyaya yardım əlini uzatmalı və İsrailin mütəmadi hücumunun qarşısını almalıdır.

Mən hesab edirəm ki, eyni zamanda Türkiyə də öz nüfuzunu, gücünü göstərməlidir. Və İsrailin Suriyaya qarşı müdaxiləsini qarşılamağa da Türkiyə lazım olan qədər yol göstərə bilər”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az