Bu, yeni hazırlanmış “Elm haqqında” qanun layihəsinin bir sıra maddələrində əks olunub.
Layihəyə əsasən ali məktəblər eyni zamanda “Tədqiqat universiteti” adını da daşıya biləcək.
“Tədqiqat universiteti” statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək. Layihədə qeyd olunub ki, tədqiqat universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır. Elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.
Qeyd edək ki, qanun layihəsi fevralın 24-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
İnterpress.az