Pakistan artıq səbirli qonşu mərhələsini geridə qoyub – Politoloqbackend

Pakistan artıq səbirli qonşu mərhələsini geridə qoyub – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Pakistan-Əfqanıstan münasibətlərində gərginlik yaşanır. Əfqanıstan sərhədi yaxınlığında silahlıların hücumu nəticəsində 11 pakistanlı hərbçi həyatını itirib. Pakistan hərbçiləri silahlılar tərəfindən pusquya salınıb.

Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti isə Pakistanı hava məkanını pozmaqda ittiham edib. Taliban iddia edir ki, Pakistan qüvvələri təxminən 2600 kilometr uzanan şərti sərhəd olan Durand xətti yaxınlığındakı bazara zərbələr endirib.

Kabil bu hərəkəti qəti şəkildə pisləyib və Əfqanıstanın ərazi bütövlüyünü müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

O bildirib ki, Pakistan əvvəlki illərdən fərqli olaraq sərhədlərində tam nəzarət və strateji sabitlik xətti aparır.

“Pakistan–Əfqanıstan qarşıdurması son aylar regionda yeni bir təhlükəsizlik balansı yaradıb. Pakistan bu dəfə əvvəlki illərdən fərqli olaraq sərhədlərində tam nəzarət və strateji sabitlik xətti aparır. İslamabadın sərt mövqeyi təkcə müdafiə refleksi deyil, həm də milli təhlükəsizlik strategiyasının əsas sütunudur.

Əfqanıstan tərəfdən gələn təxribatlara qarşı Pakistanın cavabı həm ölçülü, həm də prinsipial xarakter daşıyır. Bu, dövlətin artıq “səbirli qonşu” mərhələsini keçdiyini göstərir.

Pakistan hökuməti sərhəd məsələsində beynəlxalq hüquqa uyğun şəkildə davranaraq suverenliyini qorumaqda qərarlıdır. Torkham və Spin-Boldak kimi strateji keçid məntəqələrində nəzarətin artırılması, əslində, regionda sabitlik üçün vacib addımdır.

İslamabad bu yolla həm qaçaqmalçılığın, həm də terror qruplarının sərhəddən keçməsinin qarşısını alır. Pakistan ordusunun çevik və nizamlı reaksiyası dövlət institutlarının gücləndiyini nümayiş etdirir”, – siyasi ekspert vurğulayıb.

Daha sonra o qeyd edib ki, gərginliyin artmasında əslində Taliban günahkardır, çünki sərhəddəki radikal qruplara nəzarətsiz yanaşır.

“Əfqanıstanın bəzi dairələri Pakistanı günahlandırsa da, əslində məsuliyyət Kabilin sərhəddəki radikal qruplara nəzarətsiz yanaşmasındadır.

Pakistan isə bu boşluğu dolduraraq regionda balansı qoruyur. Həm diplomatik, həm də hərbi müstəvidə Pakistanın addımları ölçülüdür və məqsədyönlü strategiyaya əsaslanır. Bu, ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərir.

Nəticə etibarilə, Pakistan bu qarşıdurmada təkcə öz sərhədini deyil, bütövlükdə regional təhlükəsizliyi qoruyur. Onun sərhəd siyasəti dövlət məsuliyyətinin və strateji uzaqgörənliyin nümunəsidir”, – politoloq fikrini tamamlayıb.

Xuraman Etibarlı

İnterpress.az