Pensiyaçıları çarpayıya bağlayıb işgəncə veriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Penino kəndində yerləşən yaşlılar üçün özəl pansionatda işçilər pensiyaçıları yatmazdan əvvəl çarpayıya bağlayırlar. Bu fakt 12 sakinin kütləvi şəkildə xəstəxanaya yerləşdirilməsindən sonra məlum olub.
Mərkəzin personalı bu addımı qocaların təhlükəsizliyi ilə izah edir. Onların iddiasına görə, yaşlı insanlar gecə vaxtı yuxudan oyanıb ayağa qalxmağa çalışarkən yıxıla bilərlər. Digər bir bəhanə isə sakinlərin çoxunun demensiyadan əziyyət çəkməsi və onların hərəkətlərinin proqnozlaşdırıla bilməməsidir.
Yaxınlarının qollarında və bədənlərində göyərmə izləri görən ailələr isə bu izahatlarla razılaşmır və pansionatla müqavilələri kütləvi şəkildə ləğv edərək yaşlıları evə aparırlar.
Qeyd edək ki, sözügedən müəssisədə bir ay qalmaq ailələrə 45-80 min rubla (təxminən 810 – 1 440 manat) başa gəlir.
Xatırladaq ki, bazar günü pansionatdan daxil olan 12 xəstədə sətəlcəm aşkar edilib. Müəssisə administrasiyası isə günahı öz üzərindən ataraq, infeksiyanın yaxınlarının yanından geri dönən iki sakin tərəfindən gətirildiyini iddia edir.
Xuraman Etibarlı
İnterpress.az






